Bu sözləri Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək. Orta Dəhlizin ən vacib elementlərindən biri yüklərin Azərbaycanın və Gürcüstanın dəmir yollarının, avtomobil yollarının birləşdirilərək Gürcüstanın Qara dəniz limanlarına çatdırılmasıdır.
Nazir deyib ki, təkcə cari ilin birinci rübündə Çindən gələn 23 xüsusi konteyner eşelonu Azərbaycan üzərindən keçməklə 12 gün ərzində Gürcüstan limanlarına çatdırılıb.
Samir Şərifovun sözlərinə görə, Azərbaycan daha bir mühüm layihənin həyata keçirilməsinə çalışır: “Burada söhbət Horadiz-Ağbənd dəmir yolu layihəsindən gedir. Bu layihə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa istiqamətində ən vacib layihələrdən biri hesab edilir. Bunun üçün dövlət tərəfindən müvafiq vəsait ayrılıb. Bu layihə də Orta Dəhlizin vacib bir qanadı hesab olunur. Zəngəzur dəhlizi açılmaqla Azərbaycan yolları Ermənistan üzərindən keçməklə Naxçıvan Muxtar Respublikası və sonradan Türkiyə yolları ilə birləşdiriləcək. Prezident İlham Əliyevin xüsusi tapşırıqları əsasında Naxçıvanda işlərə başlanılıb. Dəmir yolunun yenidən qurulması və Türkiyənin dəmir yoluna birləşdirilməsi işləri həyata keçirilir. Qarşılıqlı razılaşma əsasında Türkiyə tərəfi də öz ərazisində dəmir yolu şəbəkəsini Azərbaycan dəmir yolu şəbəkəsinin Naxçıvan hissəsinə birləşdirilməsi istiqamətində çalışır”.
Nazir deyib: “Bu layihə şübhəsiz ki, Cənubi Qafqazda yerləşən bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq”. (AZƏRTAC)