21.11.2024, 23:18
AZ EN
22.05.2023, 17:57 208

Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün strateji əhəmiyyət kəsb edir

XƏBƏRLƏR
  • Vətən müharibəsində tarixi Zəfərimizdən sonra yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında irimiqyaslı quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış”ın təmin edilməsi tədbirləri görülür, sosial infrastruktur formalaşdırılır, bir sözlə, işğaldan azad olunmuş ərazilərdə həyat qaynayır və canlanmaqdadır.

Bu sözləri iqtisad elmləri doktoru, professor, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyev deyib.

İqtisadçının fikrincə, bu layihələr içərisində ən önəmlisi Zəngəzur qlobal nəqliyyat dəhlizidir. Ümumiyyətlə, Zəngəzur dəhlizi hazırda beynəlxalq səviyyədə nəqliyyat-logistika və kommunikasiyaların açılması, ölkələrin, bölgələrin, regionların, qitələrin inteqrasiyası və beynəlxalq ticarət proseslərinin intensivləşdirilməsi, əmtəə və investisiya axınlarının sürətləndirilməsi, qitələr arasında ticarət-iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması, bununla bağlı xərclərin optimallaşdırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu amillər öz növbəsində Zəngəzur dəhlizinin rolunu artıran arqumentlərdəndir. Müasir qlobal iqtisadi və texnoloji çağırışların sürətləndiyi bir şəraitdə bu qeyd olunanlar mühüm elementlər kimi qiymətləndirilir: “Eyni zamanda, son dövrlərdə dünyada baş verən ziddiyyətli hadisələr, müharibələr, ABŞ və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sanksiyaları, Çin ilə münasibətlərin pisləşməsi, regionda olan bəzi dövlətlərin qeyri-konstruktiv davranışları qlobal nəqliyyat dəhlizlərinə yeni baxışları formalaşdırıb. Zəngəzur dəhlizi kimi belə bir kommunikasiyanın açılmasında nə qədər güclü ölkələrin marağının olduğunu da nəzərdən qaçırmaq olmaz. Zəngəzur nəqliyyat dəhlizinin açılması, əslində həm də böyük dövlətlərin marağındadır, o cümlədən Avropa İttifaqının maraq dairəsindədir. Qlobal iqtisadiyyatın önündə gedən ən iri iqtisadiyyata malik ölkələrdən biri olan Çinin marağındadır və bütün bunlar Zəngəzur nəqliyyat dəhlizinin aktuallığını və strateji əhəmiyyətini özündə ehtiva edir. Bununla belə, hesab edirəm ki, Zəngəzur qlobal nəqliyyat dəhlizinin açılması, ilk növbədə, türk dövlətləri üçün tarixi əhəmiyyət və strateji məna kəsb edir. Türk dövlətləri yüz illərdir ki, bir-birlərindən ayrı düşmüşlər və onların arasında quru əlaqələrin kəsilməsi nəticəsində bu dövlətlərin inteqrasiyasında, coğrafi bağlılıqlarının qorunmasında ciddi problemlər yaranıb. Rusiya və İran Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının süquta uğraması və Türkiyənin müstəqil dövlət kimi formalaşmasına müəyyən vaxtın lazım gəlməsini fürsət kimi dəyərləndirərək, xaincəsinə türk dünyasının coğrafiyasını yaralamağa nail oldular. Məhz Rusiya bolşevikləri Azərbaycanla Naxçıvan arasında olan ərazini Ermənistana verməklə, Azərbaycanla Türkiyə arasında quru sərhədləri kəsməyə nail oldular, bu da Azərbaycanın inkişafından ötrü çox ciddi əngəllər yaradıb və bu problemlər hələ də davam etməkdədir”.

Ş.Əliyev bildirib ki, bu amillər baxımından Zəngəzur dəhlizinin açılması türk dövlətləri üçün, onların iqtisadi inteqrasiyasından ötrü kifayət qədər strateji əhəmiyyət kəsb edir. Türk dövlətlərinin ümumi bazarı 1,2 trilyon dəyərində qiymətləndirilir və bura dünyanın ilk 15 iqtisadiyyatı sırasında olan Türkiyə iqtisadiyyatı, Mərkəzi Asiyada kifayət qədər güclü bir iqtisadiyyata malik olan Qazaxıstan, həmçinin Özbəkistan, Türkmənistan, Qırğızıstan və Azərbaycan iqtisadiyyatları daxildir. Ümumilikdə, türkdilli dövlətlərin ərazilərində kifayət qədər resurslar, təbii ehtiyatlar, yeraltı-yerüstü sərvətlər var. Təbiət türk dövlətlərinə kifayət qədər resurslar bəxş edib. Qazaxıstan, Özbəkistan, Azərbaycan və Türkmənistanda neft və qaz yataqları var. Sevindirici haldır ki, son dövrlərdə Türkiyə Qara dənizdə təbii qaz hasilatına başlayıb. Bu təbiətin türk dövlətlərinə bəxş etdiyi milli sərvətlərdir və hesab edirik ki, Zəngəzur dəhlizinin açılması ilə türk dövlətlərinin inteqrasiyası yeni bir müstəviyə və mərhələyə çıxacaq.

Mərkəz rəhbərinin fikrincə, bu, təkcə adi iqtisadi əlaqələrin genişlənməsi yox, həm də türk dünyasının birləşməsi, mədəniyyətinin, adət-ənənələrinin daha çox bir-birinə yaxınlaşması, gediş-gəlişin, alğı-satqı proseslərinin intensivləşməsi və nəticədə türkdilli dövlətlərinin iqtisadi layihələrinin reallaşdırılmasında yeni imkanların yaradılması və iqtisadi gücünün artması potensialı formalaşacaq.

Beləliklə, Zəngəzur dəhlizinin açılması həm də türk dünyasının güclənməsinə, türkdilli dövlətlərin təşkilatlanmasında yaranan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siyasətində daha önəmli rol oynamasına imkan verəcək.

Ən əsası isə türkdilli dövlətlərin iqtisadi tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin artırılmasına, iqtisadi və milli təhlükəsizliyinin, müdafiəsinin gücləndirilməsinə, yüksək texnologiyaların inkişafı üçün transfer mübadiləsinin intensivliyinə və türk dünyasının dəyərlərinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə yeni resursların cəlb edilməsinə imkan verəcək. (AZƏRTAC)

Oxşar xəbərlər