Təntənəli qəbul mərasimi Azərbaycanın Türkiyədəki Səfirliyi və onun nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının təşkili ilə baş tutub.
Tədbirdə Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər, habelə bu ölkənin Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Ankaradakı səfirliklərinin hərbi attaşeləri və beynəlxalq təşkilatların rəsmiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Azərbaycanın bu ölkədəki hərbi attaşesi, general-mayor Zaur Zeynalov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığından danışıb, 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatında iştirak edənlərin qəhrəmanlıqlarından bəhs edib. Bu əməliyyatlar nəticəsində ölkəmizin bütövlüyü və suverenliyinin bərpa olunduğunu bildirib.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iki qardaş ölkə arasında birlik və həmrəyliyin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycanın Milli Ordu Günü ilə bağlı fotosərgi də təşkil olunub.
Qala-qəbul konsert proqramı ilə davam edib. (Report)