“Vətən səsi” xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “vergiler.az”a müsahibəsində belə deyib. Onun sözlərinə görə hazırlanmaqda olan yeni mexanizmlər çərçivəsində 500 milyon manat həcmində zəmanətli kreditin verilməsi planlaşdırılır: “Bu mexanizm məbləği hər bir sahibkarlıq subyekti üzrə 5 milyon manatdan, müddəti 7 ildən, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil ediləcək. Kreditlər üzrə kreditin müddətinin yarısından çox olmamaqla, 36 ayadək güzəşt müddəti də tətbiq edilə bilər. Həmçinin, kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir və həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aydan çox olmayan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Düşünürəm ki, bu şərtlər həmin əraziləri əlverişli investisiya mühitinə çevirmək üçün kifayət qədər stimul yarada bilər”.
Osman Xaliyev Fondun ayırdığı kreditlərin işğaldan azad edilmiş ərazilərin yenidənqurulması prosesinə necə təsir göstərdiyi barədə fikirlərini də bölüşüb. O deyib ki, Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərmək istəyən sahibkarların aldığı kreditlərin təyinatları daha çox sənaye yönümlü istiqamətlərdır: “Sevindirici haldır ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək istəyən sahibkarlar dövlətin güzəştli maliyyə dəstəyindən yararlanmaq üçün Fonda müraciət edirlər. Artıq Fondun güzəştli kredit mexanizmi üzrə maliyyə dəstəyindən yararlanan sahibkarlar da var. İndiyədək işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 5 subyektə ümumilikdə 5 milyon 870 min manat kredit verilib. Bu layihələrin icrası nəticəsində işğaldan azad edilmiş ərazilərdə 206 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Kredit ayrılmış layihələrin əksəriyyəti sənaye yönümlü layihələrdir”.
Elxan SALAHOV