19.06.2025, 15:53
AZ EN
19.06.2025, 09:24 304

Qüdrət nişanlı idi...

XƏBƏRLƏR
  • Qüdrət 1 il 6 ay idi ki, nişanlanmışdı. Ailəsi ilə birgə toyuna hazırlıq görürdü. Qazandığı pulla özü üçün bəy otağı da təmir etdirmişdi. Pandemiya ilə əlaqədar toy gününün vaxtı düz 3 dəfə təxirə salınmışdı. Nəhayət noyabrın 3-də ailə həyatı quracaqdı. Elə həmin vaxtlarda Vətən müharibəsi başladı...    

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Əzizov Qüdrət Bəhruz oğlunun doğum günüdür. O, 1997-ci il iyunun 19-da Göyçay rayonunun Bığır kəndində anadan olub. Orta təhsilini doğulduğu kənd məktəbində alıb. Ailənin 3 övladından ilki olan Qüdrət 2014-cü ildə hərbi xidmətə yola düşüb. Manqa kamandiri olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Qüdrət heç nəyə baxmadan könüllü olaraq döyüşə yollanıb. O, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Horadiz istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşub. Döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə ona gizir rütbəsi verilib.

Şuşa əməliyyatında komandir icazə verməsə də, xüsusi kəşfiyyat qrupunda könüllü olaraq döyüşdə iştirak edib və bu Qüdrətin sonuncu döyüşü olub. O, noyabrın 9-da Şuşada qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük bir izdiham və ehtiramla doğulduğu Göyçayda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra Qüdrət Əzizov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Doğmaları deyirlər ki, Qüdrət sonuncu dəfə noyabrın 2-də valideynləri ilə telefonla danışıb, onlara narahat olmamağı, hər şeyin yaxşı olacağını, tezliklə qələbə qazanaraq evə qayıdacağını deyib.
Şəhidin atası Bəhruz Əzizov oğlunun Vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirir. Ata oğlunun döyüş dostlarının Qüdrət haqqında, onun döyüş bacarığı, qəhrəmanlığı barədə söylədiklərini eşidəndə fəxarət hissi keçirdiyini deyir:
"Oğlum noyabrın 2-də mənimlə danışdı, dedi ki, "Şuşanın işğaldan azad olunması üçün döyüşürük". Sonrakı 8 gün ondan xəbər olmadı, hərbçi yoldaşları bizə zəng edib məlumat verən zaman Qüdrətin Şuşa ərazisindəki döyüşlərdə şəhid olduğunu öyrəndik. O, çox gözəl övlad olub. Hər kəsə onun kimi vətənpərvər oğul arzu edərdim. Qüdrət bizim hamımızın qüruru, şərəf və ləyaqət yeridir. Qüdrət minomyot atan idi. Komandiri deyir ki, oğlum Şuşa uğrunda gedən döyüşlərdə avtomatla açıq döyüşə çıxmaq üçün ondan xahiş edib və şəhidlərimizin qisasını alaraq, özü də şəhid olub".
Qüdrət müharibədən qayıdandan sonra çalışaraq pul qazanmaq və çox sevdiyi, onkoloji xəstə olan bacısı Aynanı müalicə etdirmək arzusunda idi. Döyüş yoldaşlarına deyirmiş ki, "Mən evə geri qayıtmasam, bacım öləcək..."
Vətəni hər kəsdən, öz canından belə çox sevən və uğrunda Şəhid olan Qüdrət Əzizovun bu gün doğum günüdür. Arzuları yarımçıq qalan Qüdrət ən böyük istəyi olan Şuşa uğrunda savaşaraq qəhrəmancasına şəhadətə ucalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər