22.11.2024, 03:37
AZ EN
17.04.2024, 16:32 207

Zahid Məmmədov: “Qarabağ Universiteti tədqiqatların kommersiyalaşmasını təmin edə bilər”

XƏBƏRLƏR
  • Azərbaycanda yaradılan Qarabağ Universiteti elmi tədqiqatların kommersiyalaşmasını təmin edə bilər.

Bunu müsahibəsində iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Onun sözlərinə görə, universitet eyni zamanda təhsilin müasir çağırışları qarşılayacaq səviyyədə təşkili və nəticə yönümlü elmi tədqiqatların aparılması kimi vacib missiyaları özündə ehtiva etmək potensialına malikdir.

“Azərbaycanda 1.0 və 2.0 tipli universitetlər çoxdan formalaşıb, 3.0 tipli universitetlər isə formalaşma mərhələsindədir. Bu tip universitetlər yaradılmalıdır. Hesab edirik ki, dövlətimizin və hökumətimizin, eləcə də bəzi universitetlərimizin müəyyən addımları bu prosesi sürətləndirməlidir. Universitet 3.0 peşəkar kadrlar hazırlamağa və istedadlı insanlarla işləməyə imkan verəcək, həmçinin biznes ictimaiyyəti ilə səmərəli əlaqələri təmin edəcək".

Z.Məmmədov hesab edir ki, Azərbaycan üçün “Universitetlər 3.0” təkamülü ciddi sosial və iqtisadi problemdir, çünki bu tipli universitetlər iqtisadi islahatların aktiv aktorları olaraq bu gün cəmiyyətin modernləşdirilməsində və onun bilik iqtisadiyyatına transformasiya olunmasında fəal rol oynamalıdırlar:

"Beləliklə, müasir universitet elmtutumlu texnologiyalar və innovasiyalar yaradır, sənaye ilə sıx əlaqədə olur, biliklərə əsaslanan məhsulların istehsalçısına çevrilir, əmək bazarı üçün yeni iş yerləri təklif edir, texnoparklar və startaplar vasitəsilə real bazarda biznes subyekti kimi iştirak edəcək. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil”.

Z.Məmmədov vurğulayıb ki, bu gün dövlət, özəl sektor, QHT-lər, xüsusilə də siyasi partiyalardan elmi tədqiqatlara sifariş olmalıdır: “Bu, çox mühüm aspekdir. Bu gün siyasi partiyalar dövlət tərəfindən maliyyə dəstəyi alır. Onların bir qismi Milli Məclisdə də təmsil olunur və bir çox problemlərin müzakirəsində iştirak edirlər. Ancaq onların hər hansı biri bu problemlərin həlli yönündə elmi tədqiqat sifariş veribmi?

Bu gün dünyada artıq sadəcə şəxsi fikrə söykənən iddialara az yer verilir. Xüsusilə ictimai əhəmiyyətli problemlərin müzakirəsi elmi tədqiqatlara əsaslanmalıdır. Bu, həll yollarının tapılma prosesini asanlaşdırmaqla, yalnış qərarların alınması minimallaşdırmış olur. O ki qaldı, kadr potensialına bu gün öyrədən öyrədiləndən az maaş ala bilməz. Ona görə elmi pedaqoji kadrların sosial təminatı mühüm əhəmiyyət kəsb edir. Burada isə iki mühüm faktoru qeyd edə bilərik. Bunlardan biri monetar faktordur. Biz bunu Qərb təhsil modelində daha aydın görmüş oluruq. Keçmiş SSRİ dövründə isə biz daha çox sosial təşviq metodlarının qabardıldığını müşahidə edirdik. Bura pulsuz mənzillə, maşınla, bağ evi ilə təmin olunma daxil idi. Bu, elmi pedaqoji fəaliyyətin stimullaşdırlmasında mühüm alətlər idi”.

Z.Məmmədovla müsahibəni buradan oxumaq mümkündür. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR