21.11.2024, 23:50
AZ EN
27.01.2023, 18:25 148

Azərbaycan parlamenti İrandakı terror aktının hərtərəfli araşdırılmasını tələb edib

XƏBƏRLƏR
  • Milli Məclis yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir. Bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.

Azərbaycan parlamentinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu fikirlər Azərbaycan Respublikası Milli Məclisinin ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktına münasibətində öz əksini tapıb.

Milli Məclis təəssüflə bildirir ki, son dövrdə İran İslam Respublikasında ölkəmizə qarşı qarayaxma və hədə-qorxu kampaniyasına geniş rəvac verilib. Bununla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı ehtimal oluna bilən hücumlara yol verməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi İran hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olmalı idi. Belə bir şəraitdə silahlı şəxsin xüsusi mühafizə rejimi tətbiq edilən Azərbaycan səfirliyinin inzibati binasına maneəsiz daxil ola bilməsi ciddi suallar doğurur.

“Biz İran tərəfindən bu qəddar hücumun səbəbləri barədə verilən bəyanatları qeyri-qənaətbəxş hesab edirik. Bu terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bütün təqsirkarların və qanlı cinayət əməlinin arxasında dayananların müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını, eləcə də diplomatik nümayəndəliyə qarşı qəbuledilməz olan terror hücumuna gətirib çıxarmış halların aşkar olunmasını tələb edirik.

Azərbaycan uzun illərdən bəri terror aktlarına məruz qalan ölkədir. Ancaq bu qanlı cinayət əməllərinin nəticələri nə qədər ağır olsa da, Azərbaycan dövlətini müstəqil daxili və xarici siyasət yolundan geri döndərə bilməmişdir və döndərə də bilməz. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktının sifarişçiləri, təhrikçiləri və icraçıları da əmin olsunlar ki, heç bir halda öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər”, - deyə Milli Məclisin müraciətində qeyd olunur.

Oxşar xəbərlər