20.10.2024, 00:04
AZ EN
07.12.2022, 14:17 369

Bolqarıstanda Şuşaya həsr edilmiş konfrans keçirilib

XƏBƏRLƏR
  • Bu ilin ölkəmizdə “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycanın Sofiyadakı səfirliyi tərəfindən Bolqarıstanda bir sıra silsilə tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” adlı kitabı bolqar dilinə tərcümə olunub və Bolqarıstan Dövlət Teleqraf Agentliyində nəşrin təqdimatı keçirilib. Qeyd edək ki, təqdimat Şuşaya həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində olub. 

Konfransda çıxış edən səfir Hüseyn Hüseynov 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunduğunu bildirib. Sonra konfrans iştirakçılarına Şuşanın tarixi, əhəmiyyəti, şəhərin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı müddətdə tam viran qoyulması və 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun torpaqlarımızı azad etməsindən  danışıb. Digər çıxış edənlər Şuşanın Azərbaycanın tarixində, həmçinin siyasi və mədəniyyət həyatında tutduğu xüsusi yeri vurğulayıb, erməni işğalından azad olunduqdan sonra şəhərdə aparılan quruculuq və bərpa işləri barədə konfrans iştirakçılarına ətraflı məlumat veriblər. 

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə bolqar dilinə tərcümə olunmuş “Şuşa – Azərbaycanın tarixi və mədəniyyət paytaxtı” kitabının müəllifi professor Elçin Əhmədov konfransa videoformatda qoşularaq, nəşrdə Şuşanın yaranma tarixindən bu günədək baş vermiş əsas hadisələrin faktlarla əks olunduğunu, Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixi və strateji əhəmiyyətinin geniş tədqiq edildiyini diqqətə çatdırıb. 

Konfrans qədim Şuşanın məhəllə və küçələrini əks etdirən şuşalı rəssam Rövşən Bayramovun rəsm əsərlərindən ibarət sərgi ilə davam edib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər