13.02.2026, 16:09
AZ EN
13.02.2026, 14:29 129

ABŞ rəsmisi: "Türkiyə Zəngəzur dəhlizində vacib rola malikdir"

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP" adlandırılan Zəngəzur dəhlizi layihəsinin reallaşması ABŞ və Türkiyə arasındakı münasibətlərin möhkəmləndirilməsində vacib rol oynayacaq. "Tramp Marşrutu" təkcə region ölkələri yox, həm də Türkiyə ilə əlaqələri genişlənməsinə böyük töhfə verə bilər.

"Vətən səsi" xəbər verir ki, bunu ABŞ-ın Ukrayna və Özbəkistandakı sabiq səfiri, analitik Con Herbst Ermənistan mətbuatına müsahibəsində bildirib. O, deyib ki, Türkiyə ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda yaratmaq istədiyi nəqliyyat dəhlizi layihəsinin tezliklə reallamasında maraqlıdır: "Türkiyənin Azərbaycanla çox yaxşı əlaqələri və etibarlı tərəfdaş kimi geniş təcrübələri var. Bakı və Ankara uzun müddətdir Zəngəzur dəhlizini müzakirə edir. Türkiyənin uzun illərdir Ermənistan üçün bağlı saxladığı sərhədləri açması, İrəvanla Ankaranın qarşılıqlı olaraq normallaşma prosesinə qoşulması və bu məsələlərdə ciddi irəliləyişlərə nail olması da Zəngəzur dəhlizinin regional əhəmiyyətini göstərir. Bu, həm də o deməkdir ki, Türkiyə həm regionda, həm də ABŞ-la münasibətlərdə vacib rol oynayır".

Amerikalı diplomat əlavə edib ki, Trampın həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz haqqında uzaqgörən baxışları var. Onun sözlərinə görə, rəsmi Vaşinqton "Tramp Marşrutu"nu dəstəkləməklə həm də Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmağa çalışır: "Donald Tramp bunu altı ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə də nümayiş etdirdi. Həmin görüşdə əldə edilmiş razılaşmalar və sonrakı təmaslar ABŞ-ın bu bölgədə dayanıqlı sülhə marağını təsdiqlədi. İndi bu istiqamətdə inkişaf görürük. Artıq Tramp Cənubi Qafqazda Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirəcək dəhlizdən danışmağa başlayıb. ABŞ Prezidenti keçən ilin noyabrında Mərkəzi Asiyanın bütün ölkələrinin liderləri ilə görüşündə də Vaşinqtonun Orta Dəhlizə marağını təsdiqləyib".

Con Herbst onu da əlavə edib ki, Vaşinqton "Tramp Marşrutu"nu Mərkəzi Asiya dəhlizinə bağlamaq istəyir.  Onun sözlərinə görə, Donald Tramp vitse-prezident Ceyms Devid Vensi bu ideyaları həyata keçirmək üçün İrəvan və Bakıya göndərib: "ABŞ üçün Mərkəzi Asiya və Cənubi Qafqaz vacib regiondur. Həm də ona görə ki, hər iki region Rusiya, İran, Çin və digər əsas aktorların sərhədlərində yerləşir. Vensin Ermənistana və Azərbaycana səfəri çərçivəsində hansı nəticəyə gəldiyini bilmirəm, amma onun səfəri ən azı ABŞ-ın regionla bağlı ideyasının inkişafına töhfə verəcək".

Elxan SALAHOV

Oxşar xəbərlər