"Vətən səsi" xəbər verir ki, bu iddia ilə Petrosyanın lideri olduğu Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan çıxış edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Zurabyan bildirib ki, Ter-Petrosyan hələ 2018-ci ilin iyulunda Baş nazir Nikol Paşinyanla görüşdə ona üç məsləhət verib. Həmin məsləhətlərdən biri məhz Paşinyan hakimiyyətə gələnə qədər Qarabağla bağlı aparılan danışıqlarla bağlı olub: "Birinci məsləhət Qarabağ danışıqları ilə bağlı idi. Ter-Petrosyan Paşinyana tövsiyə edib ki, Serj Sərkisyanın dövründə danışıqlarda müzakirə olunan sənədləri dərc etsin. Bu, danışıqlar prosesində İrəvanın mövqelərini gücləndirə bilərdi".
Levon Zurabyan bildirib ki, Ermənistanın birinci prezidenti həm Rusiya ilə ikitərəfli müzakirələrdə, həm də ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda daha çox siyasi təcrübə qazandığından onun fikirləri sülh razılaşmasının əldə olunmasına kömək edə bilərdi. Amma bu halda da Rusiyanın dəstəyinə böyük ehtiyac olub: "Ona görə də onun Paşinyana məsləhətlərindən biri Rusiya ilə münasibətlərin yaxşılaşdırılması ilə bağlı idi. Çünki Paşinyan Avropanın dəstəyi ilə siyasi meydanda rəqiblərinə qalib gəlmişdi və bu, Moskvanı qıcıqlandırırdı. Ona görə də Paşinyan üçün Ermənistan-Rusiya münasibətlərini yaxşılaşdırmaq çox vacib idi".
1991-1998-ci illərdə Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyanın xələfinə üçüncü məsləhəti isə 1992-1996-cı illərdə daxili işlər naziri, 1996-1998-ci illərdə Yerevanın meri vəzifəsində çalışmış Vano Siradeqyanla bağlı imiş. Keçmiş prezident Paşinyandan xahiş edib ki, Ermənistanın dövlət müstəqilliyinin əldə edilməsindən sonrakı çətin mərhələdə xüsusi xidmətləri olmuş Siradeqyanı öz komandasına daxil etsin. Lakin Paşinyan onun xahişini yerə salaraq keçmiş daxili işlər nazirinə hər hansı vəzifə verməkdən imtina edib.
"Təəssüf ki, Paşinyan Ermənistanın ilk prezidentinin bu məsləhətlərinin heç birinə əməl etməyib", - deyə Zurabyan əlavə edib.
Elxan SALAHOV