"Vətən səsi" xəbər verir ki, erməni spiker 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyalar zamanı etirazçılara odlu silahlardan atəş açılması ilə bağlı cinayət işinin hələ bağlanmadığına işarə edib. O, qeyd edib ki, həmin hadisələr zamanı 15-ə yaxın insan öldürülüb.
Xatırladaq ki, bu məsələyə görə sabiq prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan və digərləri ittiham olunur. Hətta Robert Köçəryan barəsində cinayət işi də açılıb. Alen Simonyan bildirib ki, prokurorlar 2008-ci ildə İrəvana qoşun yeridən və şəhər sakinlərini güllələdən şəxslərlə məşğul olacaq: “Bəzi cinayət işləri var, prokurorlar məşğul olacaqlar, arxasınca düşəcəklər, o zaman məlum olacaq ki, 2008-ci ildə İrəvana qoşun yeridən, irəvanlıları güllələyən kimlərdir”.
Ermənistan parlamentinin sədri vurğulayıb ki, 17 il əvvəl, Robert Köçəryanın prezident olduğu dövrdə törədilmiş cinayətlərin yenidən araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını erməni xalıq tələb edir. Onun sözlərinə görə, Robert Köçəryanla yanaşı Serj Sərkisyan da həmin cinayətə görə məsuliyyət daşıyır: "Onların hər ikisi çoxsaylı cinayətlər törədiblər, seçkiləri saxtalaşdırıblar, adamları güllələyiblər, adam öldürüblər, oğurluqlar edib, siyasi qətllər törədiblər, dövlət əmlakını mənimsəyiblər, Rusiya kimi ölkələrə bağışlayıblar”.
Xatırladaq ki, hələ ötən il Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ikinci prezidenti Robert Köçəryanın və digərlərinin işi üzrə dinləmələr keçirmişdi. Eks-prezidentlə yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da ittiham olunurdular. Onların hər üçü 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı iş üzrə təqsirləndirilirlər. Hər üç şəxs həm də konstitusiya quruluşunu devirməkdə, xüsusilə külli miqdarda rüşvət almaq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda günahkar bilinir.
Elxan SALAHOV