16.06.2025, 01:39
AZ EN
22.05.2025, 14:04 71

Ermənistan hökuməti müxalifətin qondarma “soyqırımı” layihəsini rədd etdi

XƏBƏRLƏR
  • Ermənistan hökuməti bu gün, mayın 22-də keçirilən iclasında parlamentdəki müxalif “Ermənistan” fraksiyasının təklif etdiyi və qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişiklik layihəsinə mənfi rəy verib.

"Vətən səsi" xəbər verir ki, hökumət layihədə təklif olunan dəyişikliklərin məqsədəuyğun olmadığını bildirib. Layihə aprelin 22-də qondarma soyqırımının 110 illiyi ilə əlaqədar “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan tərəfindən irəli sürülmüşdü.

Xatırladaq ki,  2018-ci ildə prezident Serj Sarkisyanı devirməklə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan Baş nazir olandan sonra 1915-ci il hadisələri ilə bağlı qondarma erməni tezislərini müdafiə etməyə davam edəcəyini açıqlasa da, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının lazım olduğunu da bildirib. O, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin ardınca əvvəlki siyasətini dəyişərək, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atmağa başladı. Türkiyə və Azərbaycanla razılaşmanın yollarını axtaran Paşinyan sələflərindən fərqli olaraq anladı ki, qonşularla münasibətlərin normallaşması hər şeydən əvvəl İrəvanın təhlükəsizliyi üçün lazımdır.

Paşinyan ABŞ-a sonuncu səfəri zamanı erməni diasporunu məyus etmişdi. Həmin vaxt o, "soyqırımı iddiası erməni xalqının gerçək faciəsi yox, əslində bu, Ermənistanı və erməni xalqını özünün imperiya ambisiyaları üçün istismar edən paytaxtların düşmənçilik siyasətidir və burada da erməni xalqından bir alət kimi istifadə olunur. Ona görə biz tarixə yeni bir baxış sərgiləməliyik" söyləmişdi.

Baş nazirin "erməni soyqırımı"nın tanınmasının Ermənistanın xarici siyasətində prioritet olmadığını bildirməsi ölkənin siyasi kursunda fundamental dəyişikliyə işarədi. O, bununla həm də Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında səmimi olduğunu ortaya qoymağa çalışır.  Ermənistan hökumətinin “soyqırımı” iddiası ilə bağlı müxalifətin layihəsini rədd etməsi isə daha çox Azərbaycanın regionda yaratdığı reallıqlarla barışığın təzahürü hesab oluna bilər.

Elxan SALAHOV

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR