Bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Etnik və Konfessiyalararası Münasibətlərin Öyrənilməsi Mərkəzinin rəhbəri Aygül Sadvokasova bildirib.
“Azərbaycan diasporunun əksəriyyəti Almatı vilayətində və eyni adlı şəhərdə yaşayır. Astanada Qazaxıstan Xalqı Assambleyasının tərkibinə daxil olan iki fəal mədəniyyət mərkəzi - Azərbaycan və türk mərkəzləri fəaliyyət göstərir”, - o deyib.
Onun sözlərinə görə, Astanada Dostluq Evində yanaşı yerləşən “Xəzər” Azərbaycan etno-mədəni mərkəzi və “Axıska” türk mərkəzi Assambleyanın işində fəal iştirak edir:
“Onlar zəngin mədəni və ictimai fəaliyyət həyata keçirir, respublika səviyyəsində assosiasiyalara malikdirlər, çoxsaylı ikitərəfli görüşlər və birgə mədəni tədbirlər keçirirlər. Dostluq Evindəki mədəni birliklər xalq diplomatiyasına dair mühüm missiyanı yerinə yetirir”.
Qeyd edək ki, Astanada Dostluq Evinin rəhbərliyi tərəfindən təşkil edilmiş ekskursiya zamanı qeyd edilib ki, burada 23 etno-mədəni birlik yerləşir və beynəlxalq və respublika səviyyəli tədbirlər keçirilir. Onun fəaliyyəti Qazaxıstan kimliyinin və ümummilli birliyin möhkəmləndirilməsinə, Qazaxıstanın etnik qruplarının ənənələrinin, dillərinin, mədəniyyətlərinin qorunması, etnik tolerantlıq və ictimai razılığın formalaşdırılması, Assambleyanın məqsəd və vəzifələrinə nail olmaqda etno-mədəni birliklərin səylərinin inteqrasiyası kimi ümumi məsələlərin həllinə yönəlib.
Qazaxıstan Xalqı Assambleyasının Dostluq Evləri bu ölkənin bütün regionlarında fəaliyyət göstərir. Respublika Dostluq Evi isə Almatıda yerləşir. Bu ölkədə ümumilikdə 12 vilayət, 7 şəhər və 13 rayon Dostluq Evi fəaliyyət göstərir. (Report)