"Vətən səsi" xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov ABŞla Ermənistan arasında strateji tərəfdaşlıq haqqında razılaşmanı şərh edərkən bildirib. O, xüsusilə vurğulayıb ki, İrəvan və Vaşinqton arasındakı tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır: "Ümumiyyətlə, Vaşinqtonla belə tərəfdaşlığın qurulması ikitərəfli münasibətlərin inkişafı çərçivəsində Ermənistan Respublikasının suveren hüququdur. Lakin burada hər iki tərəf bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməlidir. Yəni bu tərəfdaşlıq digər dövlətlər və beynəlxalq birliklərin təhlükəsizliyinə təhdid yaratmamalıdır".
Xatırladaq ki, dünən ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Sənədi Ermənistanın tərəfindən xarici işlər naziri Ararat Mirzoyan, ABŞ-dan isə dövlət katibi Antoni Blinken Vaşinqtonda imzalayıblar. Sazişin yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası tərfindən imzalanması böyük rezonans doğurub. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövründə sazişin həyata keçirilməsi perspektivləri məsələsi açıq qalır.
Elxan SALAHOV