2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinin ilk günlərindən Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik artım tempi ilə davam etməkdədir. Müharibədə biabırcasına uduzan Ermənistanın Rusiyadan hərbi dəstək istəməsi boşa çıxdıqdan sonra rəsmi İrəvan Moskvanı Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı ilə təhdid edir. Amma 3 ildən artıq davam edən bu gərginlik indiyədək siyasi bəyanatlardan o tərəfə keçə bilməyib.
"Vətən səsi" xəbər verir ki, son günlər isə tərəflər arasında qarşılıqlı ittihamlar daha sərt formaya keçib. Hətta Ermənistanın Cənibi Qafqazda böyük maraqları olan Qərb dairələrinin təzyiq və tələbi ilə yaxın vaxtlarda KTMT-dən çıxacağı söylənilir.
Ermənistanın Rusiya ilə aralarındakı gərginliyin necə bitəcəyi ilə bağlı fərqli yanaşmalar var. Nikol Paşinyanın ardıcıl olaraq Moskvaya qarşı demarşının cavabsız qalmayacağı ilə bağlı iddialar səslənir. Hətta Ermənistan müxalifəti Vladimir Putinin Paşinyan hakimiyyətinin davranışlarına tezliklə gözlənilməz istiqamətdən dağıdıcı reaksiya verəcəyini proqnozlaşdırır.
Siyasi təhlilçilər bildirirlər ki, 44 günlük müharibəyə qədər faktiki olaraq Rusiyanın forpostu rolunu oynayan Ermənistan Moskva ilə gərginliyi hazırkı səviyyədə davam etdirəcəyi təqdirdə Kremlin İrəvanı hansı formada cəzalandıracağı faktı yaxın vaxtlarda ortaya çıxacaq. Paşinyanın KTMT ilə bağlı sərt açıqlamalarının gündəmdə olduğu bir vaxtda Rusiyanın Ermənistanın daxilində müəyyən qarışıqlıqlar yarada biləcəyi, hətta hərbi müdaxilə də istisna olunmur. Hələlik isə Rusiya Ermənistanın KTMT ilə bağlı hansı addımları atacağını gözləyir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Ermənistan KTMT-dən çıxması ilə bağlı mövqeyini hələ də dəqiqləşdirməyib. Onun sözlərinə görə, son vaxtlar Paşinyanın Qərb ölkələri ilə aşırı yaxınlaşması və Avropada keçirdiyi görüşlərdə Rusiyanın əleyhinə sərt açıqlamalarına baxmayaraq İrəvanın KTMT-də qalıb-qalmayacağına dair dəqiq fikir söyləmək çətindir: “Hələ də bununla bağlı aydın mövqe yoxdur. Erməni tərəfdaşlarla kifayət qədər tez-tez əlaqə saxlayırıq. Əlbəttə, bunu öyrənəcəyik. Əgər müvafiq sənədlərdən çıxış etsək, KTMT baxımından belə bir rejim yoxdur. Əlaqə saxlayıb öyrənəcəyik”.
Elxan SALAHOV