23.11.2024, 03:42
AZ EN
05.01.2024, 20:30 221

Deputat Blinkenin dini azadlıqlar barədə bəyanatını “gülünc və qəbuledilməz” adlandırıb

XƏBƏRLƏR
  • “ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırması gülünc və qəbuledilməz, sərsəm təxəyyüldür. Görünən odur ki, son 8 ayda qeyri-adekvat gedişləri ilə regionda nüfuzunu itirən Vaşinqton “demokratiya”, “insan haqları” bəhanəsi altında hücumların effekt vermədiyini görüb, bu dəfə dini azadlıqların himayəçisi qiyafəsində pərdələnmək niyyətindədir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ABŞ-nin Dini Azadlıqlar Üzrə Beynəlxalq Komissiyası da məhz bu niyyəti leqallaşdırmaq məqsədilə Vaşinqtonun “qara siyahısını” alqışlayaraq “Dağlıq Qarabağdakı” dini obyektlər və ölkədə “şiə dini fəallara qarşı repressiyalar” kimi uydurma iddialarla bağlı narahatlıq ifadə etməsi əlaqələndirilmiş məqsədli fəaliyyətdən xəbər verir:

“Heç şübhəsiz ki, ABŞ-nin səsləndirdiyi bu iddiaların, əslində, dini azadlıqlarla heç bir bağı olmayan siyasi çirkab xarakterli cəfəngiyyat olduğu aydındır. Hər kəs qəbul edir ki, Azərbaycan min illərdir ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan və dünyada multikulturalizmin ünvanlarından biridir. Cənab İlham Əliyevin cəmi 15 gün əvvəl Roma Papası Fransisk Həzrətlərinə yazdığı məktubda da ifadə olunduğu kimi, “ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür”. Bu mənada, Şərqlə Qərbin qovuşduğu bu mürəkkəb regionda etnik və dini azlıqlar üçün təhlükəsizlik adası olan Azərbaycan haqqında dini azadlıqlarla bağlı hər hansı əks iddia vicdansızlıqdır və səsləndiyi andan fiaskoya məhkumdur”.

Deputatın fikrincə, ABŞ böyük dövlət olmasının ona qlobal “nəzarətçi”, yaxud “tərbiyəçi” rolunu mənimsəməsinə əsas vermədiyini anlamalıdır:

“Xüsusən selektiv və beynəlxalq hüquqa zidd davranışları fonunda heç kəs ABŞ-yə monitorinq aparmaq hüququ verməyib və Vaşinqton özünü qlobal barometr kimi apara bilməz. Digər tərəfdən, Asiyada, Yaxın Şərqdə və Afrikada milyonlarla insanı məhz müsəlman olduğuna görə qanına qəltan edən, Şimal Qütbündən Ekvatora qədər Amerika qitəsində yerli əhalinin kökünü kəsən bir dövlət bu gün dünyaya din azadlığından danışa bilməz. Əgər ABŞ Cənubi Qafqazda dini dəyərlər və azadlıqlarla bağlı niyyətində səmimi olsaydı, son 30 ildə Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənmiş işğal və təcavüz siyasəti nəticəsində mövcud 67 məsciddən 63-nün yerləyeksan edilməsi, yüzlərlə müsəlman qəbiristanlığının vandalizmə məruz qalmasına ən azı münasibət bildirərdi”.

B. Məhərrəmov xatırladıb ki, bu gün müasir Ermənistan ərazisi olan Qərbi Azərbaycanda türk-islam izinin itirilməsi istiqamətində dövlət siyasəti çərçivəsində iş aparılır:

“Faktdır ki, 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 391 məscid fəaliyyət göstərib. Sovet hakimiyyətinin son dövrlərinə qədər həmin məscidlərin 350-dən artığının binası mövcud idi. Bəs bu gün Ermənistan ərazisində nə qədər məscid binası mövcuddur, Blinken, yaxud USCIRF bu suala vicdanlı formada cavab verməyə hazırdırmı?

Yaxud Vaşinqton Qarabağdakı – Alban tarixinin misilsiz abidələrini, bizim milli sərvətimizi özümüzdən qorumaq niyyətindədirmi? Bəs 30 il ərzində Qarabağdakı Alban kilsələrinin əsl sahibləri məhz işğal səbəbindən doğma ocaqlarında ibadət etməkdən məhrum olarkən, ABŞ Dövlət Departamenti və USCIRF harada idi?.

Azərbaycanın Milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərən və cinayət qanunvericiliyinin dövlətə xəyanət də daxil, konkret maddələri ilə ittiham və məhkum edilən şəxslərin cinayət təqibini "şiə müsəlmanlarını təqib etmə" kimi təqdim etməklə Vaşinqtonun hansı niyyət güddüyü bizim üçün sirr deyil”.

“ABŞ özü milli təhlükəsizlik məsələsində hüquqi addımlar atarkən, yaxud hətta ədalət mühakiməsinə çatmadan dövlət təhlükəsizliyi amilini önə sürərək insanları yerindəcə qətl edərkən dini kimliyə önəm verirmi? Bu gün internetdə ABŞ-nin İraqda və Əfqanıstanda müsəlman kimliyini təhqir etməsi ilə bağlı yüzlərlə videofakt mövcuddur, belə olan halda kim ABŞ-yə dini azadlıqlarla bağlı "pristavlıq etmək" haqqı verib?”, – deputat sual edib.

Onun qənaətincə, ABŞ Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşaması, çətin günlərdə Vətən müharibəsində olduğu kimi, dəmir yumruq kimi birləşərək istənilən təhdidi dəf etməsinə özünün regionda “parçala və hökm sür” siyasətinə əngəl kimi baxır:

“Lakin okeanın o tayında kimin nə düşünməsindən asılı olmayaraq Azərbaycan üçün etnik və dini müxtəliflik milli sərvətdir və cənab İlham Əliyevin bu gün Azərbaycan Pravoslav xristian icmasına təbrik məktubunda da ifadə etdiyi kimi, “Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik”.

Xatırladaq ki, yanvarın 4-də ABŞ-nin dövlət katibi Entoni Blinken Azərbaycan, Mərkəzi Afrika Respublikası, Komorlar İttifaqı və Vyetnamda “dini azadlıqların pozulması” ilə bağlı bəyanat verib. (Report)

Oxşar xəbərlər