ABŞ Cənubi Qafqazda sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəkləyir.
"Vətən səsi" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycan Prezidenti İlham Əliyevlə dünənki görüşündə səsləndirib. ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının Vaşinqtonda davam etdirilməsinə hazır olduğunu deyən amera rəsmisi diqqətə çatdırıb ki, Transxəzər nəqliyyat dəhlizi konsepsiyası mövzusu üzərində xüsusi dayanıb. O, qeyd edib ki, nəqliyyat dəhlizi konsepsiyasının inkişaf etdirilməsi vacibdir və ABŞ Azərbaycanın təşəbbüslərini dəstəyləyir.
Bununla belə, Dövlət katibinin köməkçisi bildirib ki, Vaşinqton bu qlobal layihədə Ermənistanın da iştirakına imkan yaradılmasını istəyir.
Əslində isə Ceyms Obraynın Azərbaycana məhz bu təkliflə gəlməsi sirr deyil. Belə ki, Çindən Avropaya uzanan Orta dəhlizi Mərkəzi Asiyadan Avropaya çıxan dəhlizlə əvəzləmək və kommunikasiyanın Ermənistanın istəkləri nəzərə alınmaqla açılması məhz ABŞ-ın planıdır. Məqsəd Qafqaz regionunun nəqliyyat-komminikasiya şəbəkəsinin şah damarı sayılan, Ermənistanın da qoşulduğu bu nəqliyyat dəhlizdən Rusiya və İranı kənarda qoymaqdır.
Bəs, bu şərtlər çərçivəsində Zəngəzur dəhlizinin açılması nə dərəcədə realdır?
Ekspertlərin qənaətincə, Azərbaycan bu layihənin reallığa çevrilməsi prosesinin inkişaf etməsi maraqlı tərəflərlə müzakiyəyə açıqdır. Çünki rəsmi Bakının yeganə istəyi ölkənin qərb regionları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin bərpa olunmasıdır. Azərbaycanın yeganə şərti Zəngəzur dəhlizinin statusu ilə bağlıdır. Həmin statusun mahiyyəti odur ki, Bakıdan Naxçıvana dəmiryolla gedən yüklər və yolçular hər hansı gömrük və sərhəd yoxlamalarından, nəzarət prosedurlarından azad olmalı, sərbəstlik təmin edilməlidir. Yəni, Zəngilandan Ordubada və geriyə nələrin və kimlərin getdiyinə Ermənistan tərəfinin nəzarət və ya müdaxilə etmək hüququ olmamalıdır. Rəsmi Bakı yeni nəqliyyat dəhlizi üçün başqa statusun tətbiq olunmasını qəbul etməyəcək və Prezident İlham Əliyev də ABŞ rəsmisi ilə dünənki görüşdə bunu açıq şəkildə bəyan edib. Dövlətimizin başçısı Zəngəzur dəhlizi ilə bağlı eyni fikirləri “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında da söyləyib.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyev ABŞ rəsmisi ilə dünənki görüş zamanı rəsmi Bakının həm Ermənistanla sülh danışıqlar, həm də Zəngəzur dəhlizinə dair yanaşmasını aydın şəkildə izah edib: "Prezidentin ortaya qiyduğu mövqe belədir ki, Vaşinqtonun yeni reallıqları nəzərə almaqla Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesinə töhfə verə bilər. Bu, o deməkdir ki, ABŞ Azərbaycanın suverenliyini bərpa etdiyini nəzərə almalı, Qarabağdan danışmağı dayandırmalıdır. Zəngəzur dəhlizi məsələsinə gəlincə, rəsmi Bakı bəyan edir ki, Orta dəhliz üzərində yeni əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır. Yəni, Azərbaycan ABŞ-ın planına, o cümlədən Ermənistanın da bu layihəyə qoşulmasına "yox" demir. Lakin iqtisadi vizionunu dəyişəcək bu layihdə marağı olan tərəflərdən hansı önə çıxarsa və daha yaxşı təkliflər verərsə, öz imkanları ilə prosesdə iştirak edə bilər. Azərbaycanın bəyan etdiyi bu prinsiplər özülüyündə bir çox məqamları özündə ehtiva edir və buraya təkcə siyasi və texniki dəstək deyil, maliyyə imkanları da daxildir".
Asif Nərimanlı hesab edir ki, ABŞ-ın regionun kommunikasiya şəbəkəsinin ana xətti sayılan dəmir yolu (bunun adının Zəngəzur dəhlizi və ya başqa cür adlandırılması elə də önəmli sayılmır) ilə bağlı hədəflərinə nail olması üçün Azərbaycana böyük ehtiyacı var. Buna görə Vaşinqton Bakı ilə qarşıdurma yox, uzlaşmaq marağındadır. Çünki 44 günlük müharibədən sonra Azərbaycanın gündəmə gətirdiyi bu nəhəng dəhliz ideyası Çindən və Mərkəzi Asiya ölkələrdən daxil olan yüklərin Bakı üzərindən Avropaya ötürülməsini nəzərdə tutur ki, bu da indiki reallıqlarına və qarşıdakı dövrün tələblərinə tam cavab verir.
"Elə buna görə də Azərbaycan bu üstünlüyündən diplomatik müstəvidə istifadə edir. Lakin o da bəllidir ki, dəhlizlər uğrunda mübarizə Cənubi Qafqaza daha aktiv şəkildə tranformasiya edilir və perspektivdə qarşıdurmalar vəd edir", - deyə Asif Nərimanlı bildirib.
Elxan SALAHOV