21.05.2024, 16:11
AZ EN
13.11.2023, 13:55 131

Ermənistan dronlara qarşı radar sistemləri qurur

XƏBƏRLƏR

Ermənistan hərbi müttəfiqi Rusiya ilə artan siyasi gərginlik fonunda Hindistandan çoxlu sayda yeni silah sifariş edib.

"Vətən səsi" xəbər verir ki, bu barədə "AzadlıqRadiosu"nun erməni xidməti - “Azatutyun” məlumat yayıb. Bildirilir ki, sonuncu satınalma razılaşması əsasında əldə edilən silahlar “Zen” anti-dron sistemləridir. Hindistan istehsalı olan bu silahlar pilotsuz təyyarə əleyhinə radar sistemidir.

Rəsmi İrəvan ümid edir ki, “Zen” anti-dron sistemi Ermənistana Azərbaycanın hava hücumuna qarşı mübarizə aparmağa kömək edəcək. Ermənistannın Müdafiə Nazirliyi bu yaxınlarda Hindistan mətbuatının İrəvanın bir neçə “Zen” anti-dron sistemi almaq üçün təxminən 41 milyon dollarlıq müqavilə imzaladığı barədə yaydığı xəbəri təkzib etməyib.

Xatırladaq ki, bu sistemlər pilotsuz təyyarələri aşkarlamaq, təsnif etmək, onların rabitə və GPS sistemlərini pozmaq üçün nəzərdə tutulub. “Zen” sistemi dronların uça bilməsini əngəlləyir. Əgər dronlar uçuşa davam edə bilsələr, “Zen” sistemi sinxron məlumatları onları dəqiqliklə vura bilən zenit sistemlərinə ötürür. Ermənistan Milli Müdafiə Komitəsinin sədr müavini “Zen” anti-dron sistemləri ilə bağlı suala cavab olaraq bildirib ki, Silahlı Qüvvələr müdafiə qabiliyyətinin səviyyəsinin artırılması istiqamətində intensiv iş aparır.

İrəvanda hesab edirlər Ermənistanın pilotsuz təyyarələrə qarşı imkanlarının olmaması Azərbaycanla 2020-ci ildəki 44 günlük müharibədə əsas problem olub. Ermənistan mətbuatı yazır ki, 2023-cü ilin iyul ayında Hindistanın yerli istehsalı olan “Pinaka” yaylım atəşi sistemi ilk dəfə İrəvana gətirilib. Silahın İran ərazisindən keçməklə Ermənistana daxil olduğu bildirilir.

“Pinaka” raketlərinin uçuş məsafəsi 40 kilometrdir ki, bu da sovet dizaynının bəzi raket sistemləri ilə müqayisədə qısadır, lakin bildirilən dəqiqliyinə görə o, "Hindistan HIMARS"ı adlanır. Bir neçə “Pinaka” raket kompleksinin və müvafiq sursatın Ermənistan üçün qiyməti 260 milyon dollar qiymətləndirilib.

Elxan SALAHOV

Oxşar xəbərlər