Məqalədə Ermənistanın 1990-cı illərin əvvəllərində - Sovet İttifaqının süqutundan sonra Azərbaycan torpaqlarını işğal etdiyi, lakin Bakının 2020-ci ildə ildırımsürətli müharibə zamanı həmin ərazilərin geri qaytardığı və bu ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ üzərində nəzarəti tam bərpa etdiyi diqqətə çatdırılıb. “Bu tədbirlər bölgənin separatçı hakimiyyət orqanlarının təslim olması, oradakı qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi ilə nəticələndi. Artıq Bakının səyləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında qüvvələr balansını dəyişir”, -deyə yazıda qeyd olunub.
Məqalədə vurğulanıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ermənistan və İran arasında yerləşən və Türkiyə ilə kiçik sərhədi olan Naxçıvan bölgəsində həmkarı İlham Əliyevlə görüşüb. O, “Azərbaycanın Qarabağda qələbəsinin regionda münasibətlərin normallaşması şansını artırdığını” söyləyərək, Ermənistanı regionda sabitlik və sülh üçün yaranmış fürsətdən istifadə etməyə çağırıb.
Siyasi və strateji təhlil üzrə ixtisaslaşan “Asabas” platforması öz siyasi icmalında Azərbaycanın Qarabağ regionunda qələbəsinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı qüvvələr balansını necə yenidən formalaşdırdığını araşdırıb. Siyasi təhlil materialında qeyd olunub ki, ötən ilin aprelində Bakı qanuni olaraq Azərbaycana məxsus olan, lakin onun suverenliyi çərçivəsindən kənarda qalan torpaqlar üzərində tam nəzarəti təmin etmək məqsədilə təcrid olunmuş Qarabağ bölgəsinə həyati əhəmiyyətli təchizat marşrutu olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qoyub. “Azərbaycan hesab edirdi ki, beynəlxalq dəyişikliklər ona regionda tam nəzarətini bərpa etmək üçün müstəsna imkan verib. Bu dəyişikliklərə bir neçə məqam daxildir. Artıq məlumdur ki, Rusiya köhnə müttəfiqi Ermənistana kömək etmək istəmir, Tehran da erməni separatçılarına hərbi yardım edəcək vəziyyətdə deyil. Bunun əksinə olaraq, Türkiyə Azərbaycana dəstəyini sonadək davam etdirmək əzmindədir.
Eyni zamanda, Azərbaycan Türkiyənin ərazisindən keçən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm aktor kimi öz geosiyasi əhəmiyyətini dərk edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri qlobal hasilatı artırmağa və qiymətlərin sabitliyini təmin etməyə çalışan Amerika üçün də böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycan Mərkəzi Asiya ölkələrinin və Avropanı Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Çinlə birləşdirən Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutunun qapısıdır. Ermənistanın cənubundakı Sünik rayonundan keçən dəhlizin tikintisi, Azərbaycanı onun Naxçıvan bölgəsi ilə birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi Bakı və Ankaranın mövqeyini daha da gücləndirəcək. Bu dəhliz Azərbaycan və Türkiyəyə Mərkəzi Asiya və Avropanı birləşdirən birbaşa ticarət marşrutu təmin edir və Tehranın Naxçıvan bölgəsinə çıxış ilə bağlı Bakıya təsirini məhdudlaşdırır”, -deyə “Asabab” vurğulayıb.
“Asabab” platformasının təhlilində qeyd olunub ki, Tehran əvvəllər Ermənistanın Qarabağ və İranla sərhəddə yerləşən bir çox ərazilər üzərində nəzarətindən rahat idisə, Azərbaycanın regiona nəzarətini tam bərpa etməsi onun üçün də yeni geosiyasi reallıq yaradıb. İndi vəziyyət dəyişib və yeni reallıqlar fonunda daha çevik diplomatik həmlələr edilir. (AZƏRTAC)