Konfrans “Bakı Politoloqlar Klubu”nun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək güdən layihəsi çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Gəncə şəhəri təşkilatının dəstəyi və təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Bakı Politoloqlar Klubu”nun sədri Zaur Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, deputatlar Pərvin Kərimzadə, Musa Quliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, Qərbi Azərbaycan İcmasının Gəncə təşkilatının rəhbəri Mübariz Yusifov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasəti ilə bağlı videoçarx nümayiş olunub.
İcra başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan məsələsini daim diqqətdə saxlayıb. N.Bayramov ali təhsil müəssisələrində Qərbi Azərbaycan mövzusu üzrə ardıcıl işlərin görülməsinin vacibliyini də qeyd edib.
Zaur Məmmədov “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” layihəsinin məqsədləri haqqında auditoriyanı məlumatlandırıb. O, “Tarixi Azərbaycan torpaqlarına qayıdış milli prioritetimizdir: Prezident İlham Əliyevin Qərbi Azərbaycan hədəfi” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfransda çıxış edən natiqlər Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin fəaliyyətindən, Azərbaycan torpaqlarının qeyri–qanuni şəkildə ermənilərə verilməsindən, Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıblar. Bununla yanaşı, Qərbi Azərbaycanla bağlı xatirələrindən və azərbaycanlıların deportasiyası vaxtı erməni milliyyətçilərinin vandallıqlarından bəhs olunub.
Sonda “Qərbi Azərbaycan: tarixi–siyasi aspektlər” adlı məqalələr toplusu tədbir iştirakçılarına təqdim edilib. (AZƏRTAC)