Bunu açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, dini, tarixi, mədəni abidələrə qarşı törədilən aktları Prezident İlham Əliyev də dəfələrlə diqqətə çatdırıb:
"Füzuli rayonu işğaldan azad olunanda Azərbaycan ordusu burada bayraq asmağa dağıdılmamış, minasız bir yer belə tapa bilməyib. Ağdam və Füzulidə mədəniyyət ocaqları, məscidlər, kilsələr vəhşicəsinə dağıntılara məruz qalıb. Söhbət 10 min kv/km ərazidən gedir, hansı ki, bu ərazilər vaxtilə ən abad zonalar idi. Hər rayonda, hər şəhərdə muzeylər, xəstəxanalar, dövlət qurumlarının binaları vardı, bunların hamısı dağıdılıb. Vəhşiliyin miqyası həddindən artıq çox idi, bu gün yenidən baxdıqda Azərbaycan xalqına nə qədər böyük ziyan vurulduğunu bir daha anlayırıq".
C. Məmmədov vurğulayıb ki, qəbirlərə qarşı da böyük vəhşiliklər törədilib, məzarlar dağıdılıb, məzar daşları ermənilər tərəfindən götürülüb, hətta başqa ölkələrə daşınıb:
"Ermənilər azərbaycanlıların dəfn edildiyi qəbirstanlıqlardakı məzar daşlarını satıblar. Bir sıra hallarda isə onlardan başqa məqsədlər üçün istifadə olunub.
Azərbaycan bütün bu vəhşilikləri dünyaya çatdırmağa çalışır və ciddi işlər görür. Davamlı olaraq, beynəlxalq tribunalarda bu faktlar səsləndirilir, dünyanın gündəmində qalmasına çalışılır, rəsmilərin görüşlərində, müzakirələrində xüsusi vurğulanır.
Hesab edirəm ki, biz sülhə doğru irəliləsək də, Prezident İlham Əliyevin həmişə dediyi kimi keçmişi unutmamalıyıq. Bunun üçün davamlı təbliğat aparmalı, filmlər çəkilməli, vandalizm aktlarını, mina problemini sənədləşdirməliyik. Beynəlxalq platformalarda bu həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Beynəlxalq ictimaiyyət isə bu məsələlərə laqeyd və biganə olmamalıdır". (Report)