29.01.2025, 02:15
AZ EN
01.11.2024, 11:12 264

İrəvan Bakının daha bir şərtini qəbul etməyə hazırlaşır

XƏBƏRLƏR
  • "Ermənistanla münasibətlərin nizamlanması və sülh razılaşmasına dair Azərbaycanın haqlı arqumentləri yavaş-yavaş beynəlxalq aləmdə anlaşılır. Azərbaycan bu məsələyə birdəfəlik nöqtə qoyulmasını, yeni səhifə açılmasını və hansısa iddianın gələcəkdə münasibətlərdə xələl gətirməməsini təklif və tələb edir. Bu, doğru yanaşmadır və artıq beynəlxalq güclər Azərbaycanın irəli sürdüyü şərtlərdə haqlı olduğunu anlamağa başlayıb".

"Vətən səsi" xəbər verir ki, siyasi təhlilçi, Real Partiyasının sədri Natiq Cəfərli Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın "yaxın gələcəkdə sülh müqaviləsinin razılaşdırılmamış bəndləri üzrə razılığa gəlmək mümkün olacaq, bundan sonra saziş imzalanmağa hazır olacaq" açıqlamasını şərh edərkən belə deyib. O, bildirib ki, Ermənistanın Konstitusiya Məhkəməsi delimitasiya ilə bağlı əsasnaməsini təsdiq etməsi sülh razılşamasının əldə olunması istiqamətində növbəti addımıların atılması üçün əsas yaradır: Artıq həmin əsasnamə həm Bakı, həm də İrəvan tərəfindən ratifikasiya olunub. Bundan sonra çərçivə sazişi, sərhədlərin delimitasiya və demarkasiyanın prinsipləri ilə bağlı bir sənədin imzalanması mümkündür. Belə bir anlaşma ikitərəfli münasibətlərin normallaşmasında ciddi rol oynaya bilər".

Natiq Cəfərli hesab edir ki, son bir neçə həftədə həm Ermənistan, həm də Cənubi Qafqaz regionunda əsas söz sahibi olan Türkiyə və Rusiyadan verilən mesajlar rəsmi-Bakı və İrəvan arasında anlaşma yollarının tapıldığını deməyə əsas verir. Onun sözlərinə görə, xüsusilə Ermənistandan Türkiyə ilə əlaqələrin normallaşmasına dair verilən son açıqlamalar yaxın gələcəkdə sərhədlərin açılması, Qars-Gümrü dəmir yolu və diplomatik əlaqələrin bərpasına dair irəliləyişlərin olacağına işarədir: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı bu məsələlərdə yaxından-uzaqdan marağı olan tərəflərdən həddindən çox informasiya axını var. Paşinyan hökumətinin əsas söz sahiblərindən gələm mesajlar da çox nikbindir. Gözlənilən odur ki, artıq çərçivə sazişi imzalanmaq üzrədir, bu baş verikdən sonra Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində ciddi irəliləyiş olacaq".

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünənki açıqlamasında yaxın gələcəkdə sülh müqaviləsinin razılaşdırılmamış bəndləri üzrə razılığa gəlməyin mümkün olacağını və bundan sonra sazişin imzalana biləcəyini deyib. Halbuki, indiyədək Ermənistanın rəhbərliyi tələskənlik nümayiş etdirərək sülh sazişi layihəsində razılaşdırılmış müddəaların imzalanmasını, digər 3 müddəanın isə sonrakı mərhələyə saxlanmasını istəyirdi. Rəsmi Bakının isə yanaşması belədir ki, bütün bəndlər tam razılaşdırıldıqdan sonra sənəd imzalana bilər. Mirzoyanın dünənki açıqlaması o deməkdir ki, İrəvan Bakının israrlı tələbləri qarşısında geri çəkilib və çərçivə sazişinin yarımçıq deyil, bütün müddəaların razılaşdırılmasından sonra imzalanması şərtini qəbul edib.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR