Bu barədə Meşəli kəndində baş verən soyqırımın şahidi Azay Kərimov deyib.
"Mən o zaman Şuşa rayon Post Patrul xidmətinin xüsusi təyinatlı batalyonunun qərargah rəisi idim. Həmin vaxt bizi vertalyotla Füzulinin Tuğ kəndinə atmışdılar. O zamanlar Meşəlidə də, Malıbəylidə də vəziyyət çox çətin idi. Bizdə silah yox idi amma ermənidə hər şey var idi. Biz Tuğ kəndində olanda xəbər gəldi ki, ermənilər Meşəlini işğal edib. İşğaldan 8 saat sonra üç istiqamətdə Meşəliyə girdik. Ermənilər ordan taxıl oğurluyurdular, Meşəlini qarət edirdilər. Orada 8 nəfər ermənini öldürdük, hamsı da Ballıca kənd sakini idi. Ballıca ilə Meşəli arasında 2-3 kilometr məsafə vardı. Qarabağda 4 kənd var idi ki, onların hər bir tərəfi ermənilərin yaşadıqları kəndlər ilə əhatə olunmuşdu. Bütün yollar, cığırlar, hamsı ermənilərin yaşadıqları kəndlərin içindən keçməli idi. Həmin 4 ərazi - Xocalı, Malıbəyli kəndi, Xocavəndin Qaradağlı kəndi birdə Meşəli kəndi olub. Meşəlidən Ağdama getmək üçün mütləq sürətdə Ballıcadan keçməli idin. Orada balaca 10-15 nəfərdən ibarət bölük var idi. 10-15 nəfər polis nə edə bilərdi ki, bilirdik ki, orada vəziyyət ağır idi. Biz Meşəliyə çatanda ermənilər taxıl oğurlayırdılar, öz köhnə adət ənənələrinə uyğun olaraq paltarlar, əşyalar oğurlaydırlar. Sonra kəndin yuxarı hissəsində ermənilər 4 nəfəri güllələmişdi. Həmin insanların kürəklərinə bəlkə də iki daraq güllə boşaltmışdılar. Birinin qulağını, birinin başını kəsmişdilər. Təsəvvür edin, ev pişiyini, həyətdəki itləri belə güllələmişdilər. Bir itin də başını kəsib evin qabağına qoymuşdular. Tövləyə od vurub heyvanları içərdən çıxarmayıblar, dilsiz, ağızsız heyvanları yandırıblar. İydən, qoxuduan dayanmaq olmurdu", - deyə o bildirib.
A.Kərimov hadisəni törədənlərdən Vaqif Xaçatryanın Laçın sərhəd buraxılış məntəqəsində saxlanılanma xəbərini görmə anından bəhs edib.
"Vaqif Xaçatryanın Laçın sərhəd buraxılış məntəqəsində saxlanılanma xəbərini görən kimi kompüterimi götürüb atamgilə getdim. Atamın 90 yaşı var demək olar ki , onun 48 ilini Malıbəyli kəndində təsərrüfat birliyi sədri işləyib. Vaqifi göstərib soruşdum ki, bu adamı tanıyırsan,dedi ki, Vaqifdi, avtonəqliyyat müəssisəsində sürücü işləyirdi. Özü də qatı daşnak idi. Ondan sonra dedim ki, onu Laçın sərhəd buraxılış məntəqəsində saxlayıblar. Bütün cinayətlərin də hamsını törədən Vaqif olub. Xocalı soyqırımdan işğalçılarn əlli faizi Vaqifin kəndçiləri olub. 1992-ci il fevral ayında Xocalı işğal olunandan sonra, həmin ilin 24 aprelində Ballıca kəndində yaşayan ermənilər əsir düşən 150 azərbaycanlını dar ağacından asdılar. O vaxt Rəhim Qazıyevə, Yaqub Məmmədova xəbər verdim. Axırda Yaqub Məmmədov üstümə qışqırdı ki, mənə zəng eləmə, sizin müdafiə naziriniz var ona zəng edin. Rəhim Qazıyevə məruzə elədim, Yaqub Məmmədova qədər dedik ki, bizə bir vertalyot verin bu hadisənin qarşısını alaq, amma heç nə eləmədilər. Ballıca kəndində yaşayan ermənilər balacasından, böyüyünə hər biri bunun bədəlini ödəməlidi. Onlar Qarabağın işğalı zamanı əsir düşən 150 nəfər azərbaycanlını Ballıcanın üzərində yerləşən Berd yüksəkliyində dar ağacından asdılar. 300 metr aralıda 8 saat qarın içində qalaraq olanlara şahid oldum. Amma heç nə eləmək mümkün deyildi. Qadınlara qarşı zorakılıq olurdu, insaları asırdılar, gedib yeyib- içirdilər, gəlib yenə asırdılar. Mən çox yerdə vəhşiliklər görmüşəm. Amma Vaqifin etdiyi kimi vəhşiliklər görməmişəm. Başa düşə bilmirəm insan necə belə vəhşi ola bilər" - deyə o bildirib.
Xatırladaq ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaqla müəyyən edilmişdir ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürmüş, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmışdır.
Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdır. (Trend)