19.10.2024, 19:46
AZ EN
09.07.2024, 21:10 150

XİN-in rəsmisi: Əminik ki, qarşılıqlı etimada əsaslanan əlaqələrimiz daha da genişlənəcək

XƏBƏRLƏR
  • “Azərbaycan və Monteneqro arasında dostluq və faydalı əməkdaşlığa əsaslanan əlaqələr daha da dərinləşəcək”.

Bu fikirləri Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Monteneqronun müstəqilliyinin 18-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi tədbirdə səsləndirib.

Monteneqro dövlətini və xalqını Azərbaycan hökuməti adından təbrik edən XİN-in şöbə rəisi ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. Bildirib ki, dövlət və parlament səviyyələrində olduğu kimi, digər sahələrdə də münasibətlərimiz inkişaf etdirilir.

E.Məmmədov qeyd edib ki, Azərbaycan və Monteneqro arasında siyasi dialoq son bir neçə ildə intensivləşib. Milli Məclis sədrinin cari ilin aprel ayında Monteneqro parlamentinin sədri ilə görüşü, aparılan müzakirələr, həmçinin həmin ayda hər iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin ikinci raundunun təşkili əlaqələrimizin intensivliyini sübut edir.

Ölkələrimiz arasında, həmçinin iqtisadi, turizm, mədəniyyət sahəsində əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirən E.Məmmədov vurğulayıb: “Əlaqələrimizin daha da dərinləşməsi üçün geniş imkanlar var. Bu istiqamətdə hökumətlərarası komissiyanın rolu böyükdür. Əminik ki, dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrimiz daha da genişlənəcək”. (AZERTAC)

Oxşar xəbərlər