Bu sözləri politoloq Ramiz Alıyev söyləyib.
Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir: “Əli azərbaycanlıların qanına batmış, Qarabağda dövlət və şəxsi əmlakları məhv etmiş, hərbi cinayətlər törətmiş şəxsləri məsuliyyətə cəlb etmək və ya Azərbaycana təhvil vermək əvəzinə onların müdafiəsinə qalxan Ermənistan dövləti baş vermiş vəhşiliklərin sifarişçisi və təşkilatçısı olduğunu bir daha ortaya qoyur.
1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıları kütləvi şəkildə qətl edən, kəndi yağmalayan dəstənin bir üzvü - Əsgəran rayonunun Badara kəndində doğulub həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçatryan Vaqif Çerkezoviç Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.
Yəqin ki, dəstənin digər üzvlərinin də adları bizim hüquq mühafizə orqanlarına bəllidir. Onların da yaxalanacaqlarına şübhə etmirəm. Xocalı cəlladının həbsi Azərbaycan dövlətinin qətiyyətini göstərir. Ölkəmizə qarşı bu qədər təzyiqin, haqsız iradların fonunda, eyni zamanda, Ermənistana görünməmiş dəstəyin, diqqətin yönəldiyi bir vaxtda erməni cəlladın saxlanılması, sözün əsl mənasında çox cəsarətli addımdır. Ermənistan XİN-nin yaydığı bəyanat da əslində yaranmış situasiyadan istifadə edib Azərbaycana qarşı təzyiqləri gücləndirməyə yönəlib. İrəvan unutmamalıdır ki, Vaqif Xaçatryanın həbsi üçün ciddi hüquqi əsaslar olub. Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir. Xaçatryan beynəlxalq humanitar müdafiə altında gizlənərək cəzadan yaxa qurtarmağa çalışıb. O, sıradan bir cinayət törətməyib. Soyqırımı, deportasiya və insanlıq əleyhinə ağır cinayətlərin iştirakçısı olub. Ermənistan XİN onu “oğurlanan 68 yaşlı xəstə” adlandırmaqla ətrafında bir müdafiə çəpəri qurur. Azərbaycanın xüsusi xidmət orqanlarının əlində Xaçatryanın əməlləri barədə xeyli məlumatlar var. Bu günə qədər BQXK vasitəçiliyi ilə tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılan və geri gətirilməyən yüzlərlə erməninin içərisindən yalnız Vaqif Xaçatryanın saxlanılması Ermənistan XİN-in rəsmi Bakıya qarşı bəyanatındakı arqumentləri darmadağın edir. Ermənistan rəsmilərinin “iradlarından biri” də odur ki, müalicə üçün Ermənistana aparılacaq şəxslərin siyahısı öncədən Azərbaycan tərəfinə təqdim olunub və onların arasında Vaqif Xaçatryan da olub. Guya bizim sərhədçilər Xaçatryanın axtarışda olan cani olması barədə BQXK-nə heç bir məlumat verməyib. Məntiqə baxın! Məgər dünyanın hansı ölkəsində axtarışda olan şəxsə “gəlsən səni həbs edəcəyik” kimi öncədən xəbərdarlıq edilir? Görüntülərdən də aydın olur ki, Xaçatryanda heç bir xəstəlik yoxdur. O, sadəcə özünü xəstəliyə vuraraq Xankəndidən qaçmaq istəyib. Bilirdi ki, gec-tez ələ keçəcək”.
R.Alıyev hesab edir ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı cinayətlər və kütləvi qırğınlar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə, onları müdafiə edir. “Ermənistan faktları təhrif edərək Azərbaycana qarşı qarayaxma kampaniyasından əl çəkməli, müharibə cinayətlərini dəstəkləməməlidir. Əli azərbaycanlıların qanına batmış hər bir erməni həyatlarının sonuna qədər narahat olmalıdırlar. Bilməlidirlər ki, gec-tez Azərbaycanın xüsusi xidmət orqanları onları yaxalayacaq və ədalət məhkəməsinin önünə çıxaracaq",- deyə o vurğulayıb. (AZƏRTAC)