24.11.2024, 22:42
AZ EN
29.03.2023, 15:10 231

Laçının işğalından sonra ermənilərin AXC-Müsavat cütlüyünün fəaliyyətini təqdir etmələri bizim üçün əsl rəzalət idi

XƏBƏRLƏR
  • Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirməklə öz qətiyyətli iradəsini ortaya qoyur. Azad edilmiş ərazilərə Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi, dövlətimizin başçısının yeni nümayəndələri şəxsən qəbul etməsi və onlar qarşısında ciddi vəzifələr qoyması bu baxımdan böyük əhəmiyyət daşıyır.

Bunu fikirləri siyasi şərhçi Sahil Kərimli söyləyib.

Laçın rayonunun 1992-ci ildə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ermənilər tərəfindən işğal edildiyini və 30 ilə yaxın müddətdə talan olunduğunu xüsusilə vurğulayan Sahil Kərimli deyib: “Biz çox da uzaq olmayan keçmişdə yaşanan utancverici tariximizi unutmamalı, hakimiyyət uğrunda çəkişmələri və xəyanət nəticəsində torpaqlarımızın erməni işğalçılarına təhvil verilməsini yaddan çıxarmamalıyıq. Həmin dövrün insanları yaxşı xatırlayır, indiki gənc nəsil də bilsin ki, Laçın işğal ediləndən sonra erməni cəmiyyəti AXC-Müsavat qüvvələrinə, şəxsən Elçibəyə təriflər yağdırır, onların fəaliyyətini təqdir edirdi. Bu, həqiqətən də əsl rəzalət idi. Laçının yağmalanması, əhalisinin qətl edilməsi, on minlərlə sakinin məcburi köçkün düşməsi böyük faciə idi və 30 ilə yaxın müddətdə laçınlıların qəlbində dözülməz iztirablar yaşatdı”.

Sahil Kərimlinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonunun böyük bir hissəsi demək olar ki, bir güllə atılmadan düşməndən azad edildi.

“Əlbəttə ki, Laçının bəzi əraziləri rəşadətli Ordumuz tərəfindən döyüş yolu ilə azad edilib. Amma çətin relyefli böyük hissəsi diplomatik yolla – Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə geri qaytarılıb. Yəni, biz həm 1990-cı illərin əvvəllərində baş verən hadisələri, həm də müqayisəsi düzgün olmasa da, 44 günlük Vətən müharibəsi zamanı yazılan şanlı tariximizə nəzər saldıqda Azərbaycanın haradan haraya gəldiyini açıq şəkildə görürük. Təsəvvür edək ki, vaxtilə AXC-Müsavat təmsilçilərinin xəyanətləri üzündən işğal edilən 20 faizə yaxın torpaqlarımız hansı çətinliklər bahasına azad edilib. Tarixi torpaqlarımız, ilk növbədə, şəhidlərimizin qanı bahasına azad edilib, 3 min nəfərdən çox qəhrəman övladımız bu yolda canını fəda edib”, - deyə siyasi şərhçi vurğulayıb.

Digər tərəfdən, uzun illərdir hərbi infrastrukturun gücləndirilməsinin, müharibənin aparılmasının dövlətə milyardlar bahasına başa gəldiyini diqqətə çatdıran S.Kərimli əlavə edib: “Əgər vaxtilə torpaqlarımız işğal edilməsəydi, hansı ki, ovaxtkı hakimiyyətin xəyanəti olmasaydı bu mümkün idi, Azərbaycan dövləti ötən illərini Qarabağ məsələsinə sərf etməz, ölkəmiz daha da qüdrətlənərdi. Erməni vandallarının yerlə yeksan etdiyi ərazilərimizin sıfırdan qurulmasına xərclənən vəsaitləri də nəzərə alsaq, dövlətimizin iqtisadi baxımdan yükünün necə ağır olduğunu da təsəvvür etmək çətin deyil. Amma təəssüf ki, tarixi geri qaytarmaq, buraxılan kobud səhvləri düzəltmək, xəyanətləri unutmaq mümkün olmur. Bu gün isə dövlətimizin əsas hədəfləri məlumdur - tarixi torpaqlarımızı yenidən qurub yaratmaq, Qarabağı və Şərqi Zəngəzuru Cənubi Qafqazın ən inkişaf etmiş bölgəsinə çevirmək”. (AZƏRTAC)

Oxşar xəbərlər