23.11.2024, 00:48
AZ EN
10.06.2024, 18:40 172

Azərbaycan-Misir əlaqələri qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan inkişaf yolunu tutub

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verib. Azərbaycan strateji mövqeyinə və fəal xarici siyasətinə görə bütün ərəb dünyası üçün mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsləri qlobal əhəmiyyət kəsb edir və hər zaman dövlətlərarası dialoqun və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Bu barədə YAP Gənclər Birliyinin üzvü, siyasi icmalçı Anastasiya Lavrina dövlətimizin başçısı İlham Əliyevin Misir səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa və Asiya arasında nəqliyyat-kommunikasiya yollarının və ticarət əlaqələrinin inkişafında aparıcı rol oynayır, ölkəni əsas nəqliyyat qovşağına çevirir ki, bu da Misirdə dəfələrlə qeyd olunub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş layihələr Bakı ilə Qahirə arasında ticarət dövriyyəsinin, turizmin və investisiyaların artırılmasına kömək edəcək. Bu, həmçinin digər ölkələrin və investorların diqqətini regiona cəlb edə bilər.

Azərbaycanın dövlət başçısının mətbuat konfransı zamanı qeyd etdiyi kimi, son vaxtlar Azərbaycan və Ermənistan, dövlət sərhədlərinin müəyyənləşdirilməsində müəyyən irəliləyişlər əldə ediblər. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli bir neçə səbəbə görə Misirin maraqlarına cavab verir. Misir Yaxın Şərq və Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır. Münaqişənin həlli gərginliyi azaltmağa və təhlükəsizliyin yaxşılaşdırılmasına kömək edir ki, bu da regional və beynəlxalq sabitlik üçün vacibdir. Regionda sülh müştərək infrastruktur layihələri, nəqliyyat dəhlizləri və Misir də daxil olmaqla, bütün iştirakçı ölkələrin iqtisadi artımına töhfə verə biləcək digər təşəbbüslər üçün imkanlar açır.

Azərbaycanın Qoşulmama Hərəkatına Misirin dəstəyi ilə dörd il rəhbərlik etdiyini diqqətə çatdıran A.Lavrina əlavə edib: “Bu sədrlik nəticəsində Qoşulmama Hərəkatı daha geniş imkanlar əldə etdi. Ölkəmiz münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa hörmət kimi qlobal məsələlərə diqqət yetirib. Azərbaycan üzv ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra tədbirlər və konfransların təşəbbüskarı olub. Azərbaycan Qoşulmama Hərəkatının müstəqillik, suverenlik və digər dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bütün bu keyfiyyətlər dəyişən dünya düzənində daha da aktuallaşıb”.

Azərbaycanın Türk Dövlətləri Təşkilatında da mərkəzi yer tutduğunu deyən siyasi icmalçı əlavə edib: “Şübhəsiz ki, bu, Misir üçün mühüm əhəmiyyət kəsb edir. Misirlə Türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafı qarşılıqlı faydalı nəticələrə gətirib çıxara, iqtisadi yüksəlişə, siyasi və mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəlməsinə təkan verə bilər.

Hər iki dövlət strateji əhəmiyyətli regionda - Misir Şimali Afrika və Yaxın Şərqdə, Azərbaycan isə Cənubi Qafqazda yerləşir. Bu ölkələr arasında əlaqələrin inkişafı onların beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə və təsir dairələrinin genişlənməsinə kömək edə bilər. Azərbaycanın enerji ehtiyatları, o cümlədən neft və qazla zəngin olduğunu vurğulamaq vacibdir. Misir enerji mənbələrini şaxələndirməyə çalışır və Azərbaycanı bərpaolunan enerji istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrdə potensial tərəfdaş kimi qəbul edə bilər. Təsadüfi deyil ki, rəsmi səfər zamanı “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik enerjisi və bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” da imzalanıb. Misir COP27-yə ev sahibliyi etmək təcrübəsindəki bacarıqlarını həvəslə ölkəmizlə bölüşür”.

Anastasiya Lavrinanın sözlərinə görə, Azərbaycan ilə Misir arasında diplomatik və iqtisadi əlaqələr, mədəni mübadilə ilə əlamətdar olan uzun tarixə malikdir. Hələ sovet dövründə Azərbaycanla Misir arasında dostluq münasibətləri mövcud idi. 2002-ci ildə Misir Ərəb Respublikasının milli bayramı münasibətilə Misirin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda Ümummilli Lider Heydər Əliyev demişdi: “Misirlə Azərbaycan arasında çox yaxşı dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur”. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində möhkəmlənən Azərbaycan-Misir əlaqələri Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan inkişaf yolunu tutub. (AZERTAC)

Oxşar xəbərlər