25.11.2024, 01:10
AZ EN
03.07.2023, 11:10 331

Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə görüşü: Bakı şəhəri, 8 dekabr, 1995-ci il.

XƏBƏRLƏR
  • “Vətən səsi” Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, Azərbaycanda “Heydər Əliyev İli” münasibətilə xalqımızın böyük liderinin qaçqınlıq və məcburi köçkünlük probleminin həllində, xalqımızın vətənpərvərlik ruhunun yüksəldilməsində, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə səfərbər olunmasında tarixi xidmətləri barədə silsilə yazılar hazırlayır. Bu silsiləyə Ulu Öndərin məcburi köçkünlərlə görüşləri barədə tarixi arayışlar da daxildir...

 

1995-ci il dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycana səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə bilikdə Bakı Dövlət Universitetinin tələbə şəhərciyində məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür. Qaçqınlar hər iki Prezidenti gül-çiçəklə və alqışlarla qarşıladılar. Ağdam rayonunun qaçqınları adından çıxış edənlər ali qonaqları salamladılar. Çıxış edənlər türk xalqının böyük oğlu Süleyman Dəmirələ müraciət edərək dedilər:

-Dörd il bundan əvvəl, Azərbaycan Respublikası müstəqillik əldə edəndə onu ilk dəfə Türkiyənin tanıması unudula bilməz.

İndi Azərbaycan facəli günlər keçirir. Ərazimizin beşdə biri işğal edilmiş, öz torpağımızda qaçqına çevrilərək çox ağır şəraitdə yaşayırıq. Bizim ümidimiz Prezident Heydər Əliyevədir. Bilirik ki, bu problemi həll etməyə yalnız o qadirdir. İndi evlərimizin yolu bizdən ötrü bağlıdır. Lakin inanırıq və ümid edirik ki, Azərbaycan Prezidenti doğma ocağımıza qayıtmağımız üçün əlindən gələni edəcəkdir. Biz tezliklə öz yerlərimizə, atalarmızın, babalarımızın və ulularımızın yaşadığı torpağa qayıtmağı gözləyirik. O zaman bizim növbəti görüşümüz Qarabağda keçirilə bilər.      

Çıxış edənlər Süleyman Dəmirələ müraciətlə xüsusi vurğuladılar ki, Türkiyə xalqı Azərbaycan xalqının dayağıdır. Onlar Türkiyənin Azərbaycana göstərdiyi misilsiz köməyə görə minnətdarlıqlarını bildirdilər.

Sonra Türkiyə Prezidenti qaçqınılara müraciətlə dedi:

-Əziz qardaşlarım!

Biz Sizi ziyarət etməyə gəldik, Türkiyədəki 60 milyon qardaşınızdan sizə salamlar gətirdik. Sizin dərdlərinizi, iztirabınızı, sıxıntınızı mən başda olmaqla 60 milyon qardaşınız da daxilən hiss edirik. Bu iztirablara son qoyulacaqdır. Heç bir günahı olmayan sizlərin evlərinizdən, yurdlarınızdan ayrı düşməyiniz zülmdür. Siz bu zülmə dözdünüz, qürurunuzu itirmədiniz. Buradakı çıxışlardan aydın oldu ki, bu haqsızlığın sona yetəcəyinə, hörmətli Prezident, əziz qardaşım Heydər Əliyevə inanırsınız. Həm də bizə güvənirsiniz. Bu haqsızlığın sona çatması üçün bizim - Türkiyənin kömək göstərməsini, hörmətli Heydər Əliyevi dəstəkləməyimizi istəyirsiniz. Bunlar hamısı haqlıdır. Mən də sizə deyirəm ki, hörmətli Heydər Əliyevə inanmağa, bizim onu hər cür dəstəkləyəcəyimizə inanmağa davam edin. Bu iztirabınız sona yetəcəkdir. Çox çəkməz ki, itirilmiş torpaqlarınızı geri qaytarmağa imkan olacaqdır.

Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi:

-Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz dostumuz və qardaşımız hörmətli Süleyman Dəmirəl Azərbaycanda olduğu günlərdə qaçqın düşmüş vətəndaşlarımızın bir qrupu ilə görüşmək istədi. Onun arzusunu yerinə yetirərək sizin yanınıza gəlmişik. Biz bilirik ki, siz ağır şəraitdə yaşayırsınız. Ən üzücü hal odur ki, torpaqlarımız yağılar, qəsbkarlar tərəfindən işğal olunubdur. Siz babalarınızdan, ulu babalarınızdan qalmış torpaqlardan, qurub-yaratdığınız elinizdən, obanızdan didəgin düşmüsünüz. Azərbaycanın dərdləri çoxdur. Ancaq ən böyük dərdi ərazisinin bir qisminin Ermənistan tərəfindən işğal olunması və vətəndaşlarımızın bu torpaqlardan didərgin düşməsidir. Şübhəsiz ki, bu müharibədə şəhidlər vermişik. İgid oğullarımız həlak olublar. Onların ruhu şad olsun.        

Ölkə başçısı Heydər Əliyev daha sonra bildirdi ki, biz torpağımızı heç vaxt əldən verməyəcəyik. Bunu bilin və arxayın olun. Biz sülhsevər xalqıq. Bütün bu zərbələrə, bizə vurulmuş ziyanlara baxmayaraq, məsələni sülh yolu ilə həll etməyə çalışırıq. Ancaq bu yol mümkün olmasa xalqımızın iradəsi də, gücü də var ki, nəyin bahasına olursa olsun öz torpaqlarımızı azad edək. Yəni torpaqlarımız mütləq azad olunacaq, siz hökmən yurdlarınıza qayıdacaqsınız. Biz buna nail olacağıq, buna əmin ola bilərsiniz. Mən də, dostumuz Süleyman bəy də bu ümidlərlə yaşayırıq, siz də bu ümidlərlə yaşayın.

Ölkəmizin bu ağır dövründə daim Azərbaycana dayaq olduqlarına görə, kömək etdiklərinə görə, bu dərdi Azərbaycanla bir yerdə çəkdiklərinə görə Türkiyə Respublikasına, onun xalqına, dövlətinə, Türkiyənin Prezidenti Süleyman Dəmirələ qaçqınlar adından, bütün Azərbaycan xalqı adından minnətdarlıq edir və əmin olduğumu bildirirəm ki, Türkiyə heç vaxt Azərbaycanı tək qoymayacaq, darda qoymayacaqdır və bir gün gələcək, biz yaxşı günləri Türkiyə ilə, türk xalqı ilə bir yerdə bayram edəcəyik.

Hazırladı: Mina RƏŞİD         

Oxşar xəbərlər