21.11.2024, 20:12
AZ EN
10.05.2023, 15:31 318

Azər Qarayev: “Azərbaycan ziyalılarının güllələnməsində əli olan erməniləri ifşa etdiyi üçün Heydər Əliyevə ciddi təzyiqlər var idi”

XƏBƏRLƏR
  • Ulu Öndər Heydər Əliyev Təhlükəsizlik Orqanlarında işləməyə başladığı ilk günlərdən onun əsas maraq dairəsi repressiya illərində azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərin araşdırılması olub. Elə bu məqsədlə Ümummilli Lider Heydər Əliyev arxivləri araşdırıb azərbaycanlı ziyalıların güllələnməsi, sürgün edilməsində iştirak edənlərin siyahısını hazırlayıb. Məlum olub ki, xalqımıza qarşı amansız cinayətlər törədənlərin əksəriyyəti milliyyətcə ermənidir.

Dövlətin, xalqın təhlükəsizliyini təmin etmək hər bir vətəndaş üçün şərəfli vəzifədir və təhlükəsizlik sahəsində çalışanların bu məsələdə üzərlərinə daha böyük məsuliyyət düşür.

1944-cü ilin mayında Dövlət Təhlükəsizlik Orqanlarına işə qəbul olunan Heydər Əliyevdə məhz bu keyfiyyətlər özünü qabarıq göstərirdi. O, Azərbaycan xalqının taleyini dəyişdirəcəyini, bu dövlətin memarı olacağını  bilmədən belə sanki Vətənini gələcək müstəqillik illərinə hazırlayırdı.

Elşad İsayev, ehtiyatda olan polkovnik:

-Heydər Əliyev bu yolu asan keçməyib. Heydər Əliyev ilk olaraq, deməli,  əks kəşfiyyat şöbəsinin 7 bölməsinin birinə təyin olundu. Bu, o dövrdə çox böyük bir məsələ idi. Çünki həmin dövrdə bütün yüksək vəzifələrdə işləyənlər qeyri-millətlərdən ibarət idi. İlk dövrdə Heydər Əliyev rəhbərlik etdiyi bölmədə artıq saflaşdırma siyasətini həyata keçirməyə başladı. Çalışırdı ki, azərbaycanlı gənclərin sayı çox olsun” .

Onun milliləşdirmə siyasətinə qarşı çıxanlar bu yolda maneələrdən əl çəkmirdilər. Vəziyyət elə yerə gəlib çatır ki, artıq Dövlət Təhlükəsizlik Komitəsindən Heydər Əliyevə xəbərdarlıq edilir. Ulu Öndər isə apardığı milliləşdirmə siyasətindən əl çəkmir. Xalqımıza qarşı  amansız cinayətlər törədən və  əksəriyyəti ermənilərdən ibarət olan şəxslər barəsində cinayət işinin qaldırılması barədə rəhbərliyə təkidlə  müraciət edir. Dövlət Təhlükəsizlik  Komitəsi sədrinin birinci müavini  isə nəinki bu təklifi müsbət qarşılayır, əksinə,  Heydər Əliyevə etiraz edərək iradını bildirir.

Azər Qarayev, DTX-nin fəxri əməkdaşı:

-Rəhbərlik sözsüz ki, onun sənədini alıb tanış olandan sonra Heydər Əliyevə deyir ki, cavan oğlansan, sən bu işlərə qarışma. Ulu Öndər sözsüz ki, belə şeyləri heç vaxt bağışlamırdı. O, bir müddətdən sonra yenə də müraciət edir və o dövrdə Heydər Əliyevi bu vəzifədən götürürlər. Amma bir müddətdən sonra görürlər ki, yox, Heydər Əliyevi bu vəzifədən uzaqlaşdırandan sonra  iş dayandı, iş getmir, Onu əvəz eləyən bir şəxs yoxdur. Ona görə də məcbur olub onu gətirirlər yenə şöbənin rəisliyinə.

Heydər Əliyev gənc olmasına baxmayaraq, Dövlət Təhlükəsizlik Komitəsində  peşəkarlığı, öz işinin öhdəsindən  layiqincə gəlməyi bacarığına görə  digərlərindən seçilirdi.  Əsas xüsusiyyəti isə hanslı vəzifədə işləməsindən asılı olmayaraq,  daim öz xalqına, dövlətinə,  sadiqliyi idi. Ümummilli Lider məhz həmin illərdə  bugünkü Azərbaycanın möhkəm təməlini qoyur. Xalqı və dövləti üçün  etdikləri isə zamanından asılı olmayaraq onu unudulmaz Liderə çevirdi.

Hazırladı: Tahirə AĞAMİRZƏ  

Oxşar xəbərlər