"Heydər Əliyev Az.TV ilə çox yaxşı münasibətdə idi. Hara gedirdisə gedib çəkib gətirirdilər, biz də mətnləri efirdə oxuyurduq. Bütün verilişlərimizə baxırdı, öz rəylərini söyləyirdi. O vaxt efirdə 2-dən 4-ə qədər bir veriliş gedirdi. Deyirdim ki, əşi buna kim baxır ee, sən demə Heydər Əliyev baxırmış ona. Veriliş bitəndən sonra halım dəyişdi. Valid məni təcili evə gətirdi. Xəstəliyim şiddətləndi, elə oldu ki, mən xəstəxanada yatası oldum. Həmin verilişi tək mən aparırdım. Bir həftə veriliş efirə getmədi. Axı, xəbərdarlıq etmək lazım idi tamaşaçılara. Heydər Əliyev görüb ki, mən efirdə yoxam. Rəhbərimiz Nizami müəllim idi. Səhər zəng edib ona deyib ki, “Nizami, bu nədir? Ofeliya kimi diktoru sən niyə çıxarıb bayıra atmısan? Verilişə baxıram, qız yoxdur”. Nizami müəllim deyib ki, qız olmayacaq, xəstədir. Beynimə qan sızmışdı, nə yata, nə dura, nə də yeriyə bilirdim. Nizami müəllimə deyib ki, “yanında qələm varsa götür qeyd et. Mən sənə iki dərman adı deyəcəm. Onları alın, göndərin Ofeliya üçün”. Üstəlik də deyib ki, “birdən dərman baha olar, gücünüz çatmasa almağa mənə zəng vurun, utanmayın”. Bir də gördüm ki, dərmanları alıb mənim üçün göndəriblər”.
Bunu xalq artisti, diktor Ofeliya Sənani "Moderator.az"a açıqlamasında deyib. O, daha sonra əlavə edib ki,
Heydər Əliyev xəstəxanada da bütün həkimlərə tapşırmışdı ki, “o qızdan muğayat olun”. Sonra sağaldım, işə çıxdım: "Bizim diktor otağımız balaca idi, amma hündür pəncərəmiz var. Bir gün işə gəldim, gördüm ki, böyük bir buket var. Elə bil ağac əkiblər pəncərəmizin qabağında. Dedilər ki, Heydər Əliyev “Gəl səhərim” verilişinə baxıb, məxsusi bu gülləri sənin üçün göndərib. Ümumiyyətlə, bizə hörməti var idi, məxsusilə mənə və Roza xanıma. Haçan gəlirdi, deyirdi ki, “mənim qızlarımı çağırın”.
Ofeliya Sənani daha sonra əlavə edib ki, Ulu Öndər diktorları daim diqqətdə saxlayıb:
“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edirdik. Böyük konsert idi, böyük veriliş idi, teleteatra yığışmışdıq. Biz də bilmirdik Ulu Öndərimiz Heydər Əliyev gələcək. Qəfildən dedilər ki, gəlir. Gəlib hərəmizi bir dillə dindirdi. Mənimlə, Roza xanımla görüşdü. Qəşəng bir musiqi havası çalındı, dedi ki, “durun da, nə oturmusuz, durun oynayaq”. Roza tez durdu oynamağa, bir də gördü ki, mən yoxam. Mənə dedi ki, “saxlayın zapisi”. Sənə nə oldu tənbəlləşib oturdun?! Dedim ki, mən sizə şərait yaratdım ki, Roza xanımla yaxşı-yaxşı oynayasız. Dedi ki, “yox, sən də gəl”. Sonra biz oynadıq, diqqətlə mənə baxdı, zarafatca “dedi ki, sənin rəqs müəllimin indi də var?”. Veriliş başa çatdı, biz hamıyla sağollaşdıq, Heydər Əliyev də sağollaşıb getdi. Roza dedi ki, “ay qız veriliş qurtardı ki, şükür Allaha, yaxşı ki, çaşıb etmədik”. Bir də gördük qışqırırlar ki, “Roza, Ofeliya girin içəri, Prezident qayıdır”. Öz-özümüzə fikirləşirik ki, görəsən, harada səhv etmişik?! Ulu Öndər studiyaya daxil olanda qabağına qaçdıq. Dedi ki, “əşi, mən heç sizlə görüşmədim, üzünüzdən öpmədim, maşında yadıma düşdü ki, qızılarımla görüşməmişəm”. O Böyük Şəxsiyyət, Böyük İnsan bu qədər diqqətcil idi. Öpüşüb-görüşdük, dedi ki, “mən indi rahat gedərəm, sizinlə görüşdüm” deyə diktor bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ