Görüşdə qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat verilib, bu kateqoriyadan olan vətəndaşlara Prezident İlham Əliyevin xüsusi diqqət və qayğı göstərdiyi, onların sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim həssaslıqla yanaşdığı və təsirli dəstək verdiyi bildirilib.
44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunduğu, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışının başlandığı və prosesin daha da sürətləndirilməsi üçün tədbirlər görüldüyü vurğulanıb, qonaqlara bu sahədə görülən işlər barədə məlumat çatdırılıb. Qeyd olunub ki, Azərbaycan dövləti məcburi köçkünlərin beynəlxalq prinsiplər əsasında – könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşünü təmin etmək üçün zəruri tədbirlər həyata keçirir. Bu məqsədlə 2026-cı ilədək dövrü əhatə edən xüsusi Dövlət Proqramı qəbul edilib və uğurla icra olunur. İndiyədək 2 mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qaydışı təmin edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.
Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatların məcburi köçkünlərlə bağlı həyata keçirdiyi dəstək tədbirlərini məmnunluqla xatırlayıb. Diqqətə çatdırıb ki, BMqT-nin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə, eyni zamanda işğaldan azad olunmuş Cəbrayılda mühüm su mənbələrindən olan kəhrizlərin bərpasına, həmçinin icma fəaliyyətlərinə dəstək tədbirləri xüsusi ilə təqdirəlayiqdir.
BMqT-nin regional direktoru Manfred Profazi səmimi qəbula görə təşəkkür bildirib, Dövlət Komitəsi ilə əməkdaşlığın bundan sonra səmərəli şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüşdə BMqT-nin cari fəaliyyətləri və qarşılıqlı maraq doğuran gələcək təşəbbüsləri, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə Dövlət Proqramı ilə bağlı məsələlər müzakirə edilib.