Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb. Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib.
Bildirilib ki, hazırda dövlətin qarşısında məcburi köçkünlərin qayıdışı və dayanıqlı məskunlaşmasının təmin edilməsi kimi mühüm vəzifə dayanır. Bu da, 2020-ci ildə baş vermiş Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra mümkün olub. Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dövründə dağıdılmış yaşayış sahələri, inzibati binalar, yollar, kommunikasiya xətləri bərpa olunur, irimiqyaslı layihələr həyata keçirilir. İşğal dövründə Ermənistanın işğal etdikləri torpaqları tamamilə minalaması məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir. O da vurğulanıb ki, beynəlxalq ictimaiyyət həm doğma yurdlarına qayıdacaq sakinlərin, həm də işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətini yerinə yetirən şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.
Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının və doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş mənzillərlə təmin edilməsi dövlətimiz üçün prioritet olduğu diqqətə çatdırılıb.
Soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Yaşayış yerləri bərpa olunan zaman “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyalarına üstünlük verilir. Artıq 86 ailə - 420 nəfər məcburi köçkün Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərdə yaşayır.
Bildirilib ki, bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma evlərinə qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub. Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi planlaşdırılıb. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.
Sonda xarici qonaqların çoxsaylı sualları cavablandırılıb.