Balaca oğlanın atası xaraktercə vətənpərvər və sülhsevər idi. Gerçək azərbaycanlı obrazını əməllərilə yaratmışdır. Hər zaman Vətəni üçün nigaran qalan ata öz övladına – balaca qəhrəmana da elin-obanın keşiyində müsəlləh əsgər kimi dayanmağı öyrədir, torpağın müqəddəsliyini aşılayırdı. Ata doxsanıncı illərdəki hadisələri yaxından izləyir, baş verənlərə, xalqın ağır vəziyyətinə ürəyi dözmürdü. O, erməni daşnaklarının Azərbaycan xalqına qarşı edilən vəhşiliyinə, dünyanın haqsızlıqlarına göz yuma bilmirdi, çünki daxili ləyaqəti buna imkan vermirdi. Əlli yaşlı ata demək olar ki, hər gün televiziya kanallarından eyni cümləni eşidirdi: "Azərbaycan daha bir ərazisini itirdi".
1992-ci ilin fevral ayının sonları idi. Ata adəti üzrə televiziya önünə keçdi. Gecənin kədərindən asılmış saatın əqrəbləri on ikini göstərirdi. Yenə Azərbaycan daha bir şəhərini itirərək çox sayda şəhid vermişdi. Həmin gün tariximizə, taleyimizə böyük bir faciə yazılırdı. Azərbaycanın dilbər guşəsi Xocalını düşmən yerlə-yeksan etmiş, Azərbaycan xalqına qarşı amansız qətliam törətmişdi: "Xocalı faciəsi".
Bu faciədən sonra ata Çingiz Mustafayevin çəkdiyi dəhşət və vəhşət doğuran kadrlara baxır, məzlum anaların fəryadı, onlardan ayrı düşən məsum körpələrin göylərə səs salan naləsi sanki qulaqlarına qurğuşun kimi tökülür, gördükləri içini didib-parçalayır, qəzəbindən əli-ayağı titrəyirdi. Sonra televiziya qarşısından qalxaraq yoldaşına – “Mən yatmağa getdim”, – deyib çarpayısına uzandı. Fəqət gözünə yuxu getmədi. Hiss edirdi ki, gecənin vahiməli qaranlığı onu boğur. O isə təngnəfəs halda elə hey "Xocalını itirdik" deyə düşünürdü. Onu bürüyən budəfəki dərd-qəm tamam fərqli idi. Birdən ürəyi şiddətlə döyünməyə başladı, az qaldı köksündən çıxa. Döyündü, döyündü və qəflətən ata dərin bir yuxuya getdi.
Çox uzun gecənin ardından sabahın şehi torpağın üzərinə düşdü. Ailə üzvləri bir-bir yuxudan oyanırdılar. Elə bu vaxt qəribə hadisə baş verdi: hər kəs oyanmışdı, hər zaman hamıdan erkən oyanan atadan savayı... Çox keçmədi ki, məsələ aydın oldu. Evdə hər kəs atanın haqqın dərgahına qovuşduğunun fərqinə varmışdı. Artıq atanın Vətənə, el-obaya, doğmalarına, əzizlərinə məhəbbət bəslədiyi ürəyi, ümumiyyətlə, döyünmürdü... O, əbədi yuxuya dalmışdı. İndi Xocalının fəryadı bu evdə də hiss olunurdu. Hər kəs üzgün halda qəhrəman atanın cansız bədəni önündə göz yaşı tökürdü. Elə bu anda balaca oğlan yuxudan oyandı. Və ağlaşma səslərini eşitdikdə dedi: "Görəsən, insanlar niyə ağlayır?". Yuxudan oyanan, ancaq olanları dərk etməyən balaca oğlan izdiham tərəfə ağır addımlarla irəlilədi. Nəhayət çatdı. İnsanlar nəyinsə başına toplaşmışdılar. Anası, bacıları, qardaşı, yaxın qohumlar və qonşular... Balaca oğlan fikirləşib önə bir addım da atdı. Bu addım onun sanki ayaqlarını yerdən üzdü. Atasının cansız bədənini görən oğlan hər şeyi anladı. Elə o andaca göz yaşları leysana çevrildi, qəlbi iki yerə deyil, neçə-neçə hissələrə bölündü. Çünki artıq o, ata nəvazişindən məhrum idi. Artıq onu vətənpərvərlik tərbiyəsilə böyüdən, torpağa ehtiram və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağın ali bir məqam olduğunu aşılayan və ikinci Vətəni bildiyi atası yox idi. Özü də Vətənin dar günündə. İndi irəlidə balaca oğlanı daha çox çətinlik, dərd-qəm, məşəqqət dolu həyat gözləyirdi...
Ardı var...
Maarif MƏMMƏDLI,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi