22.11.2024, 00:17
AZ EN
15.02.2023, 17:46 327

Gərnibasar mahalı, Qaqauz kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Gərnibasar mahalına daxil olan Qaqauz kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. 1590-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Gərni nahiyəsinin Qaqauz kəndi, 1828-ci il tarixli dəftərində isə Qaqauz kəndi kimi qeydə alınmışdır. 1832-ci ildə İvan Sopen Gərnibasar mahalının xaraba kəndlərinin siyahısında Kakavus şəklində vermişdir. Bu isə onu göstərir ki, 1828-1829-cu illərdə Rusiya-İran, Rusiya-Osmanlı müharibələri zamanı kənd böyük dağıntılara məruz qalmışdır. Toponimlə bağlı tədqiqatçılar müxtəlif versiyalar səsləndirirlər. Belə ki, bəziləri sözün ikinci hissəsini yunan sözü kimi təqdim edir, digərləri isə tam olaraq türkmənşəli olduğunu qeyd edirlər. Qərbi Azərbaycan ərazisində Uz tayfasının adı ilə bağlı toponimlərə tez-tez rast gəlinir: Kotuz, Küsüs, Heyranıs, Haxıs və s. Tədqiqatçı alim Əziz Ələkbərli qeyd edir ki, uz komponenti bir neçə məna daşıya bilər: 1. Qədim türk tayfalarından olan Uz tayfasının adını; 2. tərəf, yan anlamını; 3. Türk dillərindəki "dərə" anlamını; 4. cəm şəkilçisi kimi. Bir daha qeyd edək ki, "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) Kavis adlı kənd, 1832-ci ildə İ.Şopenin yazısında Qavusdar adlı Monastır da qeydə alınmışdır ki, bu toponimlər də eyni kökə malikdir. Onu da qeyd etmək yerinə düşər ki, türk tayfalarından biri olan, bu gün də bizim dilimizdə danışan Qaqauzlar var və onlar Moldova Respublikasının vətəndaşlarıdır.

İsa MUSAYEV

Oxşar xəbərlər