20.04.2024, 04:11
AZ EN
07.06.2022, 14:50 445

Zəngibasar mahalı, Yuxarı Necili kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Kənddə 1950-ci ilə qədər yalnız azərbaycanlılar yaşayıblar. 1918-ci ilin sonu 1919-cu ilin əvvəllərində kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar. Yalnız sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə biliblər. 1951-ci ildən kəndin ərazisində ermənilərin də yerləşdirilməsinə başlanılıb. 1978-ci ildə adı dəyişdirilərək, Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə Nizami adlandırılan kəndi soydaşlarımız 1988-ci ildə tərk etmək məcburiyyətində qalıblar.

“İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Qıxbulaq nahiyəsində ərazisi xas torpaqları olan Balaşlı Nəcli adlı kənd qeydə alınıb. Rus tarixçi etnoqrafı İvan Şopen (1832) isə Zəngibasar mahalında Necili adlı iki kənddən bəhs edib: Aşağı Necili, Yuxarı Necili. Sonrakı bütün mənbələrdə də kəndin adı Yuxarı Necili şəklindədir.

Lakin burada bir məqama aydınlıq gətirmək lazımdır. Məsələ ondadır ki, “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) İrəvan nahiyəsində Həsənəvar adlı bir kənd qeydə alınıb, kəndin digər adının Palaslı olduğu göstərilib. 1728-ci ilə aid icmal dəftərində isə Palaslı oykoniminə ayrıca yox, məhz Balaşlı Nəcli şəklində rast gəlirik. Bu da Necli tayfasının yaşadığı Balaşlı (Palaslı) kəndi anlamındadır.

Palaslı-Balaslı-Balaşlı oykoniminin etimologiyası ilə bağlı onu deyə bilərik ki, erkən orta çağlarda Azərbaycanın Muğan düzündə Balasakan adlı şəhər olub, V-VII yüzilə aid mənbələrdə hun şəhəri kimi xatırladılan bu yerin əhalisi balasaçı adlandırılıb.

XVIII yüzildə İrəvan əyalətinin Sisian nahiyəsində də Balaşlı adlı kənd mövcud olub.

1873-cü ilin statistik məlumatlarında Zəngi çayı kənarındakı bu  kənddə 75 təsərrüfatda 540 nəfər (317 kişi, 223 qadın) azərbaycanlının yaşadığı göstərilib. 1873-cü ildə kənddə bir nəfər də erməninin qeydə alınmaması təsdiq edir ki, 1828-1829-cu illərdə kəndə köçürülən 76 nəfər İran ermənisi az sonra kəndi tərk edib, digər yaşayış məntəqələrinə gedib.

1886-cı ildə kənddə 101 təsərrüfatda 654 nəfər (376 kişi, 278 qadın) azərbaycanlı yaşayıb ki, onların da 15 nəfərini (9 kişi, 6 qadın) bəy ailəsinin üzvləri təşkil edib.

1918-ci ildə kəndə hücum edən erməni-daşnak silahlı dəstələri kəndi talayıb, əhalisinin bir hissəsini qətlə yetirib. Sağ qalanlar Arazı keçib, Türkiyəyə, İrana mühacirət ediblər. Kənd bir neçə il xaraba qalıb, yalnız sovet hakimiyyətinin ilk illərində kəndin qaçqın əhalisinin bir hissəsi doğma yurda qayıdıb. 1922-ci ildə onların sayı 319 nəfər, 1926-cı ildə 361 nəfər, 1931-ci ildə 379 nəfər olub. Əhali dağıdılmış, yandırılmış evlərini təzədən bərpa edib, kəndi abadlaşdırıb. 1930-cu illərdə kənddə kolxoz, 1950-ci ildə sovxoz yaradılıb.

Xeyli inkişaf etmiş, özünün orta məktəbi, uşaq bağçası, mədəniyyət evi, kitabxanası, tibb məntəqəsi, rabitə şöbəsi, kino qurğusu, məişət xidməti emalatxanası və s. olan bu müasir kənd ermənilərə göz dağı idi. Ona görə də kəndi tədricən erməniləşdirmək məqsədilə bura 1951-ci ildə Ellər (Kotayk) ra­yo­nunun Artız kəndindən 50 erməni ailəsi köçürülüb.

Yuxarı Necili kəndi Aşağı Necili, Zəngilər, Şorlu və Yengicə kəndləri ilə həmsərhəddir. Kəndin sağ və solundan Zəngi və Haramı çayları axır. Münbit torpaqlı kənd bağ-bağçanın içində idi. Burada bir tərəfdən əzəmətli Ağrı dağı, digər tərəfdən məşhur Ələyəz dağı görünürdü.

Yuxarı Necili kəndində keçmişdə 7 su dəyirmanı, 3 günlüklü hamam, 2 pambıq təmizləyən, mahlıc hazırlayan - ciyrıx, 3 çəltik və taxıl döyən - ding (Sürməlidən, İqdırdan buraya taxıl gətirib üyüdərdilər), bir qəbiristanlıq, bir məscid olub. Qəbiristanlıq zəvvar yolunun kənarında olduğu üçün ətraf kəndlərdən ən hörmətli adamların cənazələrini gətirib, burada dəfn edərdilər ki, zəvvarlar rəhmət oxusunlar.

Kənddə çoxlu çayxana, dükan, köşk olub. 1918-ci ildə Yuxarı Necili kəndində lövbər salan türk əs­gər­ləri kəndi bu mənzərəsinə görə «bala İstanbul» adlandırıblar.

Kənd varlı olduğu üçün hər nəslin 4-5 hacısı, məşədisi, kərbəlayısı vardı.

Kəndin şeyxi Mirzə Xəlil ağa müctəhid idi, ali dini təhsil almışdı, rəhmətə gedəndə də Qum şəhərində dəfn olunub. Hacı Axund İmran isə Nəcəf şəhərində ruhani təhsili almışdı və Necilidə, bütün Zəngibasarda böyük nüfuz, hörmət sahibi idi. Məşədi Mirağa, Molla Süleyman da kəndin din xadimləri olublar.

1948-53-cü illərdə Yuxarı Necili kəndi əhalisinin bir hissəsi zorla Azərbaycanın Ucar rayonuna köçü­rülüblər. Lakin Zəngibasardan kəskin şəkildə fərqli iqlim şəraitinə uyğunlaşa bilməyən camaat bir müddət sonra geri qayıdıb.

1988-ci il soyqırımı həmin ilin noyabrının sonunda Yuxarı Necili kəndini də haqlayıb, rayonun bütün dövlət və inzibati orqanlarının və sovet ordusunun əsgərlərinin iştirakı ilə kəndin azərbaycanlı əhalisi ermənilərə xas vəhşiliklə öz dədə-baba ocaqlarından qovulub çıxarılıblar. Həmin hadisələr zamanı kəndin 1932-ci il təvəllüdlü sakini - Mehdiyev Sabir Qurbanəli oğlu ermənilər tərəfindən qətlə yetirilib.

Əslən Yuxarı Necilidən olan Sahil Məmmədov Azərbaycanın ərazi bütövlyünün qorunması uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Oxşar xəbərlər