19.10.2024, 12:22
AZ EN
16.01.2023, 09:14 253

Göyçə mahalının Daşkənd kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndi qədim Azərbaycan kəndlərindən biridir. Daşkənd kəndi indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşir. qədim tarixə malikdir. Daşkənd sözünün mənası "sıldırım qayalıq və sal daşlardan ibarət yer" deməkdir. Kəndin bir hissəsi dağlıq, çaylarla əhatə olunan düzənlik göy yamaclardan ibarətdir. Daşkənd kəndi XIV əsrin sonunda, (1387-1388) yaranmışdır. Araşdırmalarda bildirilir ki, Daşkənd kəndinin sakini 130 yaş ömür sürmüş Hacı Məmməd kişinin dediyinə görə, kəndin himi Gəncə bölgəsindən gələn Hacı Hüseyn adlı dövlətli kişi və qohumları tərəfindən salınmışdır. Hacı Hüseyn kəndin himini salarkən həmin yerin münbit torpağının maldarlıq üçün əhəmiyyətli, bol sulu bulaqlarla əhatə olunduğuna görə yaşayış yeri seçmişdir. Kəndin ərazisi Qazax mahalının otaraq və yaylaq yerləri olmuşdur. Kənd Aşağı Şorca, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur.

İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.

Kənddən azərbaycanlılar qovulmamışdan əvvəl bir orta məktəb, uşaq bağçası, xəstəxana, məişət evi fəaliyyət göstərmişdir.

Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir. Kənddə iki alban məbədi mövcuddur. Qaya silsiləsində dörd böyük mağara var. Erməni işğalçıları kəndin adını dəyişərək Ayrk qoymaqla sanki türk izini silməyə çalışmışlar. Halbuki, bu kənd Azərbaycan aşıq məktəbinə Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Aşıq Hacı, Sərraf Şiruyə, Aşıq Alqayıt, Aqil İman, Qılman İman kimi saz-söz ustaları vermişdir.

Kəndin Andranikin dəstələrinə qarşı şücaətlə vuruşmuş Hacı Rəhim,Məşədi Qasım, Ziyad Babayev, Qaçaq İdris kimi oğulları olmuşdur. Kənd əhalisi 1948-1953-cü il deportasiyasına məruz qalmışdır. 1988-ci ildə isə axırıncı azərbaycanlılar sovet ordusunun ermənilərə köməyi nəticəsində öz ata-baba yurdundan qovulmuşdur.

Onların əksər hissəsi Bərdə rayonunun Yeni Daşkənd kəndində yaşayır.

Kənd rayon mərkəzi Basarkeçərdən 8 km məsafədə yerləşir.

5 fevral 1919-cu ildə Göyçə mahalının Daşkənd kəndindən olan el sənətkarı Aşıq Nəcəf daşnaklar tərəfindən girov götürülmüşdür. Onu 2 gün ac-susuz çalıb-oxumağa məcbur etmişlər. Sonra isə Aşıq Nəcəf Çaxırlı kəndi ilə Basarkeçər arasındakı Küllütəpə adlanan yerdə ağır işgəncə ilə qətlə yetirilmişdir. Belə ki, onun kürəyinə qaynar samovar bağlayaraq küləyin əks istiqamətində qaçmağa məcbur etmişlər.

Kənd rayon mərkəzindən qərb tərəfdə 7 km məsafədə yerləşmişdir. Kənd Aşağı - Şorca kəndi ilə qərb tərəfdən 5 km, Qoşabulaq kəndi ilə şərq tərəfdən 4 km, Sarıyaqub kəndi ilə yenə şərq tərəfdən 5 km, erməni kəndi olan Qırxbulaq kəndi ilə şimal- qərb tərəfdən 7 km, Azərbaycan Kəlbəcər rayonu ilə cənub şərq tərəfdən 21 km məsafədə həmsərhəddir. Kəndin eni 1735m, uzunluğu isə 2200 metrdir. Kəndin ərazisində adları Türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yerlər vardır. Sarıbulaq, Hacı Qurban bulağı, Ocaq bulağı, Qocaman bulağı, Tərsə çayı, Hacı Rəhimin komu, Aşıq Nəcəfin komu, cənub tərəfdən Kəmənd, Haray, Quzey, Xamgüneyi, Namazın sarısı, cənub şərq tərəfdən Gödək güney, Göy təpə, Səngər təpəsi, Uzun güney, yenə cənub tərəfdən Böyük və Kiçik çanaq, Şəhər dərəsi, Kötük dərəsi, Əli dərəsi Kərbəlayı məsim dərəsi, qərb tərəfdən, At yeyən, oyuxlu örüşləri, şimal tərəfdən Düz və Ayrım dərələri, Borda bulağı, Qamışlı bulağı, Paşa oğlunun bulağı, Telli bulağı, Əli bulağı, Buzlu bulağı və s.

Hazırladı:Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər