“Yuxularımda atam Aşıq Müseyibi göy eyvanlı evimizdə görürəm” adlı veriliş Göyçə mahalının Çəmbərək rayonunun Cil kənd sakini Tərxanım Nəsibovanın həyat hekayəsinə həsr olunub.
O, Cil kəndində Aşıq Müseyibin ailəsində anadan olduğunu, uşaqlıq, orta məktəb illərinin unudulmadığını deyib:
“Oradakı ömür, həyat bugünkü dünyamın, ömrümün xoş xatirələrə bürünmüş, xoş arzulara köklənmiş bünövrəsidir. Vətənim Göyçə havası, suyu, otu, ağacı, çiçəyi, insanları və arzularımızla çox gözəl idi. Qışda Göyçə gölü donardı. Kəndin yayı, payızı, yazı gözəl idi. Yay vaxtı quzuları dağlara çıxarırdım. Məktəb illərinin xatirələri əziz idi. Səhər-səhər saat 6-da qarlı qış günlərində qalxırdıq. Qarı yara-yara məktəbə gedirdik. Müəllimlərimiz qayğıkeş, uşaqlarımız nizamlı-intizamlı, müəllimə qulaq asan, hörmətini saxlayan idilər. Hamımız xoş arzuların qucağında böyüyürdük. Buz bağlayan Göyçə gölünün üstündə maşınlar gəzər, ora helikopter enərdi”.
T.Nəsibova bildirib ki, Bakıda Pedaqoji Universitetdə təhsil alıb:
“Bir də xəbər çatdı ki, artıq elimiz köçür. Bilmirdik nə edək, qışın oğlan çağı idi. Atam, anam, əmim, dayım, el-oba pərən-pərən oldu, ağlaya-ağlaya, qarı yara-yara, gözləri Vətəndə qala-qala 1988-ci ilin qarlı qış günlərində Göyçəni tərk etdilər. İnsanlara ermənilər əzab verdilər. Dayımın yoldaşı olan maşının qabağını kəsmişdilər. Onun əlindən xalça-palazını almışdılar. Ağzından qızıl dişlərini çıxarmışdılar. O günlər, o tarix ömrümüzə yazılan zəhərli bir səhifədir”.
Onun sözlərinə görə, Vətən şirin, əziz, yaddançıxmazdır:
“60 yaşım olsa da, yenə də ən şirin anlarımda, ən qəmli günlərimdə, ən sakit çağlarımda ancaq ora ilə yaşayıram. Atam Aşıq Müseyibi yuxularımda ikimərtəbəli, göy eyvanlı evimizdə görürəm. İnanıram ki, ordumuzun möhtəşəm qələbəsindən sonra, möhtərəm Prezidentimizin danılmaz siyasəti sayəsində Göyçəyə qayıdacağıq. Oradakı torpaqlardan gətirib Göyçə həsrəti ilə gözlərini yuman atamın, anamın qəbrinin üstünə tökəcəyəm. İnşallah o günləri görəcəyəm”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: https://www.youtube.com/watch?v=0-qOWE-qU2Q