21.11.2024, 23:33
AZ EN
06.12.2022, 16:40 306

Ə.Ələkbərli: “Biz öz torpaqlarımıza qayıdacağıq!”

QƏRBİ AZƏRBAYCAN
  • Soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyasından artıq 34 il vaxt ötür. Bu münasibətlə ARB 24 kanalı “34 il əvvəlki erməni vəhşiliyi - Qərbi Azərbaycandan Qanlı Deportasiya” adlı müzakirə- verilişi təqdim edib. Verilişdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli canlı bağlantı ilə iştirak edərək ermənilərin hələ 200 il bundan əvvəl başlayaraq bizə qarşı etdiyi vəhşiliyin sübutu kimi qanlı deportasiyalardan danışıb.

Əziz Ələkbərli bildirdi ki, əslində Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası 200 il bundan əvvəl başlayıb. Belə ki, Türkmənçay müqaviləsindən sonra Qərbi Azərbaycana köçürülən ermənilər ilk növbədə bizim ərazilərimizdə etnik təmizləmə siyasəti aparıblar. Nəticədə 20-ci əsrin əvvəllərində artıq soydaşlarımız düz 4 dəfə öz ata-baba torpaqlarından deportasiya olunub.

1905-1906-ci illər.

1918-1920-ci illər

1948-1953-cü illər.

1988-1991-ci illər.

Sonuncu deportasiya Qarabağ hadisələri başlayan ilk günlərdən start götürdü. 1988-ci ilin fevralında Xankəndidə erməni separatçıları mitinqə başlayanda Qərbi Azərbaycanda da soydaşlarımızın etnik sıxışdırılması başlandı. Bu vaxt ermənilər azərbaycanlılara qarşı bütün vasitələrdən istifadə edirdilər: Onları öz iş yerlərindən qovur, məktəblərə müəllim və şagirdlər buraxılmır, mağazalara yaxın qoymur, onların işığı, qazı, suyu kəsilirdi. Bu cür çətin vəziyyətlə soydaşlarımız düz bir il ermənilərə müqavimət göstərdilər. Ermənilər soydaşlarımızdan tələb edirdilər ki, Qarabağ məsələsində onlarla həmrəy olsunlar. Ancaq bunun əksi oldu. Qısa müddətdə onlar Azərbaycanla güclü bir həmrəylik nümayiş etdirərək  Göyçədə, Qaraqoyunluda, Zəngəzurda, Vedibasarda, Ağbabada, Dərəçiçəkdə ermənilərə qarşı mtinqlər keçirməyə başladılar. Bunu görən erməni seperatçıları daha da quduzlaşdı. Azərbaycanın o vaxtkı nə Vəzirov hakimiyyəti, nə də, Moskva əliyalın insanlarımızın səsinə səs vermirdi... Ona görə də soydaşlarımız yenə üzlərini doğma Vətənə tuturdular. Ancaq bunun da qarşısı alındı. O vaxt rəhbərlik çox xəyanətkar bir addım atdı. 1988-ci ilin yayında Ermənistandakı həyət evlərini Bakıda bina evləri ilə dəyişməyə icazə verdi. Bununla da, qaçqınların gəlişi başladı. Bundan sonra Qərbi Azərbaycandan 300 min ailə qovuldu, onların əmlakı, malı-mülkü qəsb edildi. 300-ə yaxın məscidimiz, 500-dən artıq qəbiristanlığımız məhv edildi. Bu günə aldığımız məlumata görə, erməniyə xas vəhşiliklə bunlar yer üzündən silinib.

Ancaq 44 günlük Vətən müharibəsi bizim qarşımızda yeni bir perspektiv açdı, insanlar öz tarixi yurdlarına qayıtmaq üçün yeni bir mübarizəyə başlayıblar. Bu onların insani, beynəlxalq hüquqa söykənən haqqıdır. “Qərbi Azərbaycan icması olaraq bizim vəzifəmiz də, bu 200 ildə bizə qarşı olan erməni cinayətlərini beynəlxalq müstəviyə gətirmək və bu cinayətləri törədən Ermənistan dövlətinin məhkəmə qarşısında cavab verməsini tələb etməkdir. Bu hadisələr zamanı 1988-1989-cu illərdə insanların təkcə təsərrüfatına vurulan ziyan 20 milyard ABŞ dolları, bu günkü beynəlxalq hesablamlara görə isə bu ziyan 680 milyard ABŞ dolları həcmindədir. Hələ bu təkcə fərdi və ictimai təsərrüfat üzrədir. Biz yeraltı, yerüstü sərvətləri, maddi-mədəniyyət abidələrinə vurulan ziyanı demirik. Hələ mənəvi tərəfi də, bir kənara qoyuruq. Bunları hesablasaq bu ziyan trilyondan artıq ABŞ dolları həcmində olar”.

Qərbi Azərbaycanla bağlı sanballı çoxcildliklər müəllifi olan millət vəkili Ə.Ələkbərli sonda onu da vurğuladı ki, bizim milli həmrəyliyə malik xalqımız, öz tarixi torpaqlarımıza qayıtmaq iqtidarında olan insanlarımız, güclü Prezidentimiz var. Biz icma olaraq bu fikirdəyik ki, insanlarımız öz doğma torpaqlarına qayıdacaq, qayıtmalıdr və bütün dünya bizim bu haqqımızı qəbul etməlidir. Cinayətkar isə, dediyim kimi, beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər