Qərbi Azərbaycan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr və s. mövcud olmuşdur. Lakin erməni vandalları onları dağıdıb məhv etmişlər. Onlardan biri də Ağadədə qəbiristanlığıdır. 1950-1980-ci illərdə Zəngibasar mahalının ən mötəbər ziyarətgahı olan Ağadədə ocağı Uluxanlı, Habilkənd, Seyidkənd və Sarvanlar kəndlərinin əhatəsində, Qulucan kəndinin yaxınlığında, Qarasu çayının kənarında yerləşirdi. Həmin ziyarətgaha müsəlmanlarla yanaşı, bəzən xristianlar da gəlirdilər. 1950-ci illərə qədər burada ancaq bir qəbir olmuşdur. Deyilənlərə görə, gecələr bu yerdə işıq yanarmış, yaxınlaşanda itərmiş. 1950-ci illərdə orada bina tikiblər. Binanın ətrafında yanmış ağaclar vardı. Adamlar o ağacın kömüründən istifadə edir, şəfa tapırdılar. Zaman keçdikcə ətraf kəndlərdən, hətta İrəvan şəhərindən imkanlı adamlar öz əzizlərini bu ocağın ətrafında yaranmış qəbiristanlıqda dəfn edirdilər. Lakin 1988-ci il soyqırımından sonra bu müqəddəs ocaq da ermənilər tərəfindən dağıdılmışdır.
İsa MUSAYEV