21.11.2024, 17:48
AZ EN
07.11.2023, 07:29 296

Qərbi Azərbaycan Xronikası: “Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar”

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov olub.

O, doğulub boya-başa çatdığı Dərələyəz mahalı, Keşişkənd rayonu, Ələyəz kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən geniş söhbət açıb. Bildirib ki, Arpaçayın sahilində yerləşən Ələyəz kəndi füsunkarlığına görə təbiətin bir möcüzəsi sayılıb. 175 evin mövcud olduğu, əsasən azərbaycanlıların yaşadığı bu kənddə bağçılıq, tütünçülük, üzümçülük, heyvandarlıq o dövrdə inkişaf edib. Millət vəkilinin sözlərinə görə, Ələyəz ərazisindəki qədim alban kilsələri, istehkam-qala, digər dini və tarixi abidələr bu yaşayış məntəqəsinin qədimliyini özündə əks etdirib.

Deputat bildirib ki, ötən əsrin əvvəllərində olduğu kimi, 1988-ci il hadisələrində də ermənilər kənd sakinlərinə aqressiv münasibətləri ilə seçiliblər. Onun sözlərinə görə, deportasiya dövründə ermənilər bəzi Ələyəz sakinlərini müxtəlif işgəncələrə, zorakılığa məruz qoyublar. Hətta bir neçə kənd sakininin sinəsi üstündə ocaq qalayaraq onları diri-diri yandırıblar. Millət vəkili dayısıgilin ailəsinin də kəndi tərk edərkən ölüm təhlükəsi ilə üz-üzə qaldığını, son anda möcüzə sayəsində həyatda qaldıqlarını vurğulayıb.

Deputat Ş.İsmayılov deportasiyadan sonra mənəvi-psixoloji travmalar yaşadığını, qaçqınlığın ağrı-acılarını həyatının sonrakı dönəmlərində də daim hiss etdiyini dilə gətirib. O, ermənilərin Ələyəzdəki alban kilsələri üzərində olan xaçları dəyişdiklərini, maddi-mədəniyyət abidələrini mənimsəməyə cəhd etdiklərini, kəndin ekologiyasına ciddi ziyan vurduqlarını, qoz ağaclarından ibarət meşəliyi məhv elədiklərini, oradakı ağacları kəsərək silah qundağı istehsal edən xarici şirkətlərə satdıqlarını söyləyib.

Millət vəkili qeyd edib ki, Ələyəzdə bəzi ailələr həm qaçqına, həm də məcburi köçkünə çevrilib, böyük bir el-oba pərən-pərən düşüb, Azərbaycanın ən müxtəlif rayonlarında məskunlaşıblar. O, deputat seçildiyi Beyləqan rayonunda da Qərbi Azərbaycandan deportasiya olunanların yaşadıqlarını, onların ümumilikdə irəvanlılar adlandırıldıqlarını vurğulayıb. Bildirib ki, Beyləqandakı soydaşlarımız da öz ata-baba yurdlarına qovuşacaqları, tarixi torpaqlarımıza qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb. (Report)

Oxşar xəbərlər