29.03.2024, 06:21
AZ EN
14.11.2022, 13:35 429

Göyçə mahalı, Sədənağac kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Göyçə mahalının ən qədim kəndlərindən biri Sədənağac kəndidir. Kənd Göyçə gölünün sahilində, Basarkeçər-Çubuxlu yolunun üstündə, rayon mərkəzindən 25 km şimal-qərbdə, dəniz səviyyəsindən 2016 metr hündürlükdə yerləşir. Kənd qərb tərəfdən Dərə kəndi ilə 3 km, şərq tərəfdən Şişqaya kəndi ilə 7 km məsafədə həmsərhəd olaraq kiçik Qafqaz sıra dağları cərgəsindəki dağ silsiləsinin, soldan “İtkəlləsi yüksəkliyi, sağdan Oğca dağın ətəyində Gədəbəy rayonunu (Qarakənd kəndindən keçməklə)  Göyçə gölü ilə birləşdirən “Böyük yoxuş” yol aşırımının Göyçə gölü tərəfində yolun başlanğıcında dağa qalxan hissəsində yerləşir. Bu yol Göyçə gölünün şimal hissəsindən başlayaraq kəndin ortasından keçir və kənd qurtardıqdan sonra Yolçıxan ilə ( Yolçıxan-yolun qayalıqlardan ibarət,  təxminən 3-4 km uzunluğunda, yuxarı-dağa qalxan hissəsini göstərən toponim) Maralbulağı düzənliyinə qalxır. Ordan Şahdağ silsiləsinin suayrıcındakı Qocadağ zirvəsinin (hündürlüyü 3317 m) sinəsində yerləşən “Mədədin yurdu” deyilən düzənlikdən keçib Böyükyoxuşa çatır. Qoca dağın sinəsindən aşağı şimala doğru enərək Şəmkir çayının sol sahili ilə Qalakənd kəndi, oradan isə Azərbaycanın digər kəndləri ilə birləşir.

Sədənağac toponimi iki hissədən, “səndən” və “ağac” söz birləşməsindən əmələ gəlmişdir. “Səndən” sözü Azərbaycan dilində işlədilən “zədən” sözünün əsrlər boyu azca dəyişilmiş şəklidir. Mənaca “vurulmuş, zərbəyə məruz qalmış, zədələnmiş anlamındadır. Kəndin yerləşdiyi yer bir vaxtlar yüz illər yaşı olan nəhəng palıd ağaclarından ibarət qalın meşəlik olub. Kənd haqqında nəsillərdən-nəsillərə keçən rəvayətə görə, kəndin üst tərəfində, “İtkəlləsi” dağ təpəciyinin ayağında ildırım vurmuş, çox hündür, nəhəng bir palıd ağacı olub və bu ağacı  (kolxoz quruluşu zamanı kökündən çıxarıblar) yolçulara “yol nişanı”, “mayaq” rolunu oynayıb, əhali arasında zaman keçdikcə “Zədələnmiş ağac-Zədən ağac” “”Sədənağac” şəklinə düşüb. İldırım vurmuş nəhəng bir palıd ağacı uzun zaman relyefin, buradan keçən çoxəsirlik yolun və çayın kənarında başlıca təbiət əlaməti olaraq qalıb. Yaşayış məskəni də onun yan-yörəsində təşəkkül tapmışdır. Ərazidən axan çay da yaşayış məntəqəsinin adı ilə tanınıb və tarixi sənədlərdə “Böyük Sədənağac” çayı kimi məlumdur.

Mənbələrdə hələ XIX əsrin əvvəllərində, İrəvan xanlığının rus işğalına qədər, rus məmurları və İran şahı, eləcə də İrəvan sərdarı arasında gedən yazışmalarda  bu toponim “Sadanaqarac”, “Sadanaxac” kimi istifadəyə rast gəlinir. Sədənağac toponimi ilk dəfə yazılı olaraq Rusiya ordusunun Qafqaz üzrə baş komandiri Yermolovun müavini Velyaminova göndərdiyi yazılı təlimatda göstərilib. O, qeyd edib ki,  “İranlılar təsdiq edirlər ki, Göyçə boyu Böyük Sədənağac çayından ibarət gədiyinə qədər torpaq sahəsi onlara məxsusdur.

1825-ci il iyul ayının 13-də baş  komandan Yermolov İrəvan sərdarı Hüseynqulu xana yazırdı:..”Sizin Qapançaydan Kəpəzçaya qədər olan əraziləri tutduğunuz əsaslarla da bizim barat-Gədikdən Sədənağaca qədər tutduğumuz olan ərazidə qışlaq yaratmağa İrəvan əhalisi ancaq  1821-ci ildə buraxıldı”...Kəndin adının yaddaşlarda qalması, unudulmaması onu göstərir ki, çox da uzaq olmayan keçmişdə bu kənddə yaşayış olmuşdur. Ardı-arası kəsilməyən müharibələr nəticəsində kənd dağıdılıb. Lakin xalq arasında, eləcə də bizə məlum olmayan mənbələrdə onun coğrafi mövqeyi, adı yaddaşlarda qalıb.

1814-cü ildə əvvəlcə Göyçə mahalının Daşkənd kəndinə köçürülən, bir neçə il orada yaşadıqdan sonra mahalın Qanlı kəndinə köçmüş və Qarapapaq tayfalarına mənsub, Məhəmməd Həsən oğlu öz ailə üzvləri ilə heyvandarlıq üçün çox əlverişli olan, əkinə yararlı, qara torpaqdan ibarət geniş sahələrin, təbii örüşlərin və bicənək sahələrinin mövcudluğunu nəzərə alaraq, 1845-ci ilin yazında xaraba qalmış Sədənağac kəndini daimi yaşayış yeri seçərək bura köçmüşlər və kəndə ailənin böyük oğlu Hacı Qəribin adı verilmişdir. Sonralar bu kənd el arasında Hacı Qərib adlandırılmışı, ancaq rəsmi sənədlərdə Sədənağac kimi yazılmışdır.

Sədəndağac toponimi ilə yanaşı kənd ərazisində saysız-hesabsız türk mənşəli toponimlər olub: Arxac dərəsi, Ağ su, Bala yoxuş, Beşbarmaqlar, Böyük Qarabağlar, Böyük yoxuş, Çayqarışan, Çöllüyurd, Güdülün dərəyeri, Güllüdərə, Güney, Daşlı təpə, Dolaylar, Hacıların dərəsi, Kərkibaşın komu, Kirpilər, Kiçik Qarabağlar, Qanqallı, Qara arxac, Qara Quzey, Qoşunalının qoruğu,  Quru dərə, Quştəpəsi, Quzey, Malqəbri, Palantökən, Sarıqaya, Sarıtəpə, Sarınər, Taxçayurd və s. Sədənağac kəndində bulaqlar da çox olub: Abbasın bulağı, Ağ bulaq, Daş Bulaq, Dımışın bulağı Qanqallı bulaq, Qaya bulağı, Qiblə bulağı, Maral bulaq, Nazlı bulaq, Novçalı bulaq və s.

1935-ci il yanvarın 3-də Ermənistan tərəfindən bir çox azərbaycanlı kəndləri kimi bu kəndin də adı dəyişdirilərək Güney qoyulmuşdur.

1991-ci il aprelin 19-da Ermənistan prezidentinin fərmanı ilə yenidən adı dəyişdirilib Arequni adlandıırılmışdır.

Mənbələrdə göstərilib ki, Sənədağac kəndində 1873-cü ildə 132 nəfər,  1886-cı ildə 214 nəfər, 1897-ci ildə 299 nəfər, 1908-ci ildə 343 nəfər, 1914-cü ildə 659 nəfər, 1916-cı ildə 430 nəfər, 1919-cu ildə 360 nəfər, 1922-ci ildə 300 nəfər, 1926-cı ildə 327 nəfər,1931-ci ildə 411 nəfər, 1939-cu ildə 481 nəfər, 1959-cu ildə 562 nəfər,1979-cu ildə 1223 nəfər, 1987-ci  1890 nəfər əhali yaşamış və bunlar yalnız Azərbaycan türklərindən ibarət olmuşlar.

1905-ci ildə Sənədağac kəndinin əhalisi Azərbaycanın indiki Şəmkir rayonunun Atabəylər kəndinə, Qapanlı kəndinə, Xarxar, Arıqıran və başqa kəndlərə köçmüşlər. 1907-ci ildə  kənd əhalisi yenidən doğma yuduna qayıtmışdır.

Bundan sonrakı illərdə də əhali bir neçə dəfə doğma yurddan ermənilər tərəfindən zorla çıxarılmışdır.

1948-1953-cü illərdəki deportasiya zamanı kənd əhalisi heç bir yana çıxmamış, doğma kənddə qalmışdır. Bu zaman kəndin 65-70 evi, 300 nəfərə yaxın əhalisi olmuşdur.

1988-ci ildə dördüncü qaçqınlıq zamanı kənd əhalisi  Bakı, Gəncə, Şəmkir, Şəki, Sumqayıt, Gədəbəy və digər yerlərdə məskunlaşmışdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər