21.11.2024, 22:37
AZ EN
18.07.2022, 11:00 532

Göyçə, Zəngəzur, İrəvan Azərbaycandır!

QƏRBİ AZƏRBAYCAN
  • Erməni vandalları əzəli torpaqlarımız, dədə-baba yurdumuz olan Qərbi Azərycanda millətimizə qarşı zaman-zaman insanlığa sığmayan qətlamlar həyata keçiriblər. İllər ötsə də, tarix faktları bir-bir ortaya qoyur. Qərbi Azərbaycanda öz doğma yurdundan zorla qoparılan şahidləri dinlədikcə elə bilirsən bu hadisələr dünən, elə yenicə baş verib...  

Tarixə qısa nəzər

1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra ermənilər torpaqlarımıza kütləvi şəkildə  köç etməyə, sonra bu torpaqların sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirməyə başladılar. 1905, 1015, 1918-1920, 1937, 1947-1953 və nəhayət 1988-1991-ci illərdə indiki Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlı deportasiya olundu.

1948-1953

SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 saylı “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarı və  SSRI Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" daha bir qərarı ilə azərbaycanlıların indiki Ermənistan adlanan əzəli torpaqlarımızdan deportasiyası həyata keçirilməyə başlandı. Bu qərara əsasən 1948–1950-ci illərdə 100 min azərbaycanlı; 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfər güya "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməli idi. O zaman Ermənistan SSR-də 400 min nəfərdən artıq azərbaycanlı yaşayırdı. 1948-ci ildə Ermənistan SSR-dən mütəşəkkil surətdə Azərbaycan SSR-ə 1799 təsərrüfat, 7747 nəfər köçürüldü. 429 ailə (2834 nəfər) müxtəlif təzyiqlərə məruz qaldığına görə pərakəndə halda Azərbaycana gəlməyə məcbur olmuşdu. 1948-ci ilin payızınadək deportasiyaya məruz qalanların sayı 10.584 nəfər idi.

Azərbaycanlıların deportasiyası Ermənistanın xüsusilə 22 rayonunu, əsasən, Vedibasar, Basarkeçər, Zəngibasar, Noyemberyan, Mikoyan, Dilican, Aştarxan, Kirovakan rayonlarında həyata keçirilməyə başladı. Bu rayonlar əsasən azərbaycanlıların yığcam şəkildə, yaxud ermənilərlə qarışıq halda yaşadıqları dağlıq və dağətəyi rayonlar idi. Erməni millətçiləri, ilk növbədə, azərbaycanlıları bu rayonlardan vəhşicəsinə  çıxarmağa çalışırdılar.

1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı (indiki Şirvan), Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 soydaşımız köçürülmüşdü.

1950-ci il martın 14-də və avqustun 25-də Azərbaycan və Ermənistan respublikalarının Nazirlər Sovetləri həmin ilin yazında və payızında müvafiq olaraq Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfər adamın köçürülməsi barədə qərar qəbul etmişdilər. Lakin köçürülmə, daha doğrusu, mütəşəkkil deportasiya planı erməni millətçilərin istədikləri sürətlə həyata keçirilmirdi. Bu, insanlığa sığmayan tədbirin həyata keçirilməsinə bir sıra obyektiv və subyektiv səbəblər mane olurdu.

1950-ci ildə Ermənistandan Azərbaycana 2907 təsərrüfat və ya 12332 adam köçürülmüşdü. Bu, əvvəlki illərlə müqayisədə ən yüksək göstərici idi. Lakin erməni millətçiləri və onların mərkəzi hökumətdəki himayədarları SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarının yerinə yetirilməsi vəziyyətindən qəti narazı idilər. Onların təkidi ilə 1951-ci il fevralın 28-də SSRİ Nazirlər Soveti "1951-ci ildə köçürülmə planı haqqında" 605 saylı məxfi qərar qəbul etmişdi. Bu rəsmi sənəddə köçürmə prosesinin sürətləndirilməsi tələb olunurdu. Lakin görülən sərt inzibati tədbirlər də öz lazımi nəticəsini vermədi. Əksinə, hətta 1951-ci ildə erməni millətçilərinin istəyinin əksinə olaraq, köçürülənlərin geriyə qaytarılması halları çoxaldı. Belə ki, Ermənistan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsinin rəisi 1951-ci mayın 27-də verdiyi məlumatda 36 azərbaycanlı ailəsinin geriyə qayıtdığını göstərirdi.

1952–1953-cü illərdə Ermənistandan daha 3155 təsərrüfat və 1376 nəfər azərbaycanlı deportasiya edildi. Lakin geri qayıdanların sayı da artdı.

Vəhşi xislətli erməni millətçiləri öz havadarları ilə birgə deportasiya planını həyata keçirməzdən əvvəl illərlə planlar hazırlayıb və onları həyata keçirmək üçün fürsət axtarmışdı. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdirdilər. O vaxt Qərbi Azərbaycanın - indiki Ermənistanın 34 rayonunun adı beləcə dəyişdirilib.

Hazırda Qəmərli-Artaşat, Arpaçay-Axuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib.

Ulu öndər Heydər Əliyev tərəfindən imzalanan 1997-ci il 18 dekabr tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanı tarixi yaddaşımızın bərpasına xidmət etməklə böyük tarixi əhəmiyyətə malikdir.

1988-1991

1988-ci il fevralın 20-dən etibarən İrəvanda kütləvi mitinqlər keçirilməyə başlandı. Mitinqdə “Ermənistan yalnız ermənilər üçündür!”, "Ermənistanı türklərdən təmizləməli!” kimi şüarlar irəli sürürdülər. Mitinqlərin ikinci günündə İrəvanda fəaliyyət göstərən Dəmirbulaq məscidi və M.F.Axundov adına azərbaycanlı orta məktəb, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının ləvazimatı yandırıldı. Buna etiraz edən  azərbaycanlıların evlərinə od vuruldu.

Fevralın 26-da Sovet İttifaqı Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçov Silva Kaputikyanı və Zori Balayanı qəbul etdi.  M.Qorbaçova saxta tarixi arayışlar təqdim edildi. Onlar  Dağlıq Qarabağ Müxtar Vilayətinin Azərbaycanın tərkibində qalmasının güya mümkün olmadığını baş katibə bildirdilər. Erməni lobbiçiləri nə qədər yalana əl atsalar da, istədiklərini əldə edə bilmədilər. Lakin DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük məbləğ olan 400 milyon rubl ayırılacağı vəd edildi.  

Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə gizli görüş keçirərək  tələblərindən bir addım da geri çəkilməməyi məsləhət gördü.

Ermənistan rəhbərliyi Moskvadakı havadarları ilə Dağlıq Qarabağ məsələsi ilə eyni vaxtda azərbaycanlı əhalini Ermənistandan əzəli ata-baba torpaqlarından qovmağa başladılar. İlk qaçqınlar Ermənistanın Qafan və Mehri rayonlarında yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvar ayında bu rayonların azərbaycanlı sakinləri doğma ocaqlarından  zorla çıxarıldı. İlk qaçqın dəstələri Azərbaycana, Bakıya, Sumqayıta pənah gətirdi. İrəvanda millətçi qüvvələr kütləvi mitinqlər təşkil edir və öz arzularını həyata keçirirdilər. 1988-ci ilin fevralında ermənilər İrəvanda Göy məscidi yandırdılar.

Dünya ictimaiyyətini çaşdırmaq, öz vəhşi obrazlarını azərbaycanlıların adına sırımaq üçün ermənilər Sumqayıt iğtişaşlarını törətdilər.

Sumqayıt hadisəsindən sonra Ermənistan hakimiyyət nümayəndələrinin, hüquq-mühafizə orqanlarının iştirakı ilə Ermənistandan azərbaycanlı əhalinin qovulması kütləvi şəkil aldı. 

1988-ci ildə Qərbi Azərbaycan ərazisində 261 azərbaycanlı kənd və qəsəbəsi boşaldılıb ki, onlardan da əhalisi ancaq azərbaycanlılar olan  kənd və qəsəbələrin sayı 172,  azərbaycanlılarla başqa millətlərin yanaşı yaşadığı qarışıq kənd və qəsəbələrin sayı isə 89-dur.

Sonuncu deportasiyada 1988-ci ildə isə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldı. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın etdilər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıtmışdılar. 

1988–1989-cu illər soyqırımı zamanı Qərbi Azərbaycanda 226 soydaşımız ermənilər tərəfindən öldürüldü. 400 nəfərdən çox adam bədən xəsarəti aldı. Ancaq bu həmin illərdə ermənilər tərəfindən öldürülmüş və yaralanmış soydaşlarımızın tam siyahısı deyil…

1991-ci il avqustun 8-də azərbaycanlılar yaşayan sonuncu - Nüvədi kəndi də rus əsgərlərinin iştirakı ilə boşaldıldı. Beləliklə, 1988-1991-ci illərdə Ermənistanda 185 yaşayış məntəqəsindən 230 min azərbaycanlı zorakılıqla çıxarıldı, minlərlə dinc sakin erməni millətçi qüvvələri tərəfindən qətlə yetirildi, soyqırıma məruz qaldı.

Göyçə, Zəngəzur, İrəvan Azərbaycandır!

Tariximizin qanlı səhifələri olan bütün bu deportasiyaları, başımıza gətirilən fəlakətləri bir an olsun belə unutmamalıyıq. Gənc nəsil öz tarixi keçmişini öyrənməli və heç vaxt bunu yaddan çıxarmamalıdır. Unutmamalıyıq ki, indiki Ermənistan qədim Azərbaycan torpağı, bizim dədə-baba yurdumuzdur. Bir vaxtlar bəlkə əksəriyyətimiz Qarabağın, Şuşanın, Laçının, Kəlbəcərin, Zəngilanın, Ağdamın və.s. işğaldan azad olunmasına inanmırdıq. Amma 2020-ci ildə cəmi 44 günlük İkinci Vətən Müharibəsində böyük Qələbəmiz bizə unudulmaz dərs verdi. Bəli, mən inanıram ki, Vətənimizin bir parçası olan Qərbi Azərbaycan uğrunda dövlətimizin yürütdüyü məqsədyönlü siyasəti və bizim vətəndaş olaraq mübarizəmiz bir gün öz müsbət nəticəsini verəcək və üçrəngli bayrağımız dilimizin əzbəri olan İrəvan şəhərində dalğalanacaq. Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərlinin   mətbuata söylədikləri də, bu inamı daha da gücləndirir: -“Bu günə qədər şüarımız “Qarabağ Azərbaycandır” idi, bundan sonra isə şüarımız “Zəngəzur, Göyçə, İrəvan və bütün Qərbi Azərbaycan mahalları Azərbaycandır!” olmalıdır.”

Mina RƏŞİD

Oxşar xəbərlər