27.07.2024, 14:21
AZ EN
24.01.2023, 12:21 320

Torpağın ömrünə əbədi sevinc qatılacaqdır

QƏRBİ AZƏRBAYCAN

Xalqımızın tarixi gerçəklikləri sırasında qanla həkk olunmuş olaylar çoxdur. İndi ümumi olaraq Qərbi Azərbaycan adlandırdığımız ata yurdumuzdakı olayların xronikasına nəzər saldıqda isə buradakı faciələrin xalqımızın taleyinə ciddi təsir göstərdiyi həqiqəti də üzə çıxır.

1707-ci ildə Fransanın Paris şəhərində rus və fransız diplomatlarının Osmanlı imperiyasını çökdürmək üçün uydurduqları «Böyük Ermənistan» ideologiyasının həyata keçirilməsi istiqamətində edilən cinayətlərin məhz Qərbi Azərbaycanda daha çox baş verdiyi də təkzib olunmaz həqiqətlər sırasındadır. Rusiyanın Azərbaycanı işğal etməsindən sonra İrandan və Türkiyədən İrəvan, Naxçıvan, Gəncə, Qarabağ və s. Azərbaycan torpaqlarına hayların yerləşdirilməsi ilə başlayan cinayətlər getdikcə yeni üsullarla daha da dərinləşərək xalqımızın həyatında soyqırımlar silsiləsini yaratmışdı. 1988-ci il fevralın 13-də Qarabağda başlayan erməni separatizminin istər Moskva, istərsə də Avropa tərəfindən dəstəklənməsi isə Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovularaq taleyin dəhşətli mənzərələri ilə üz-üzə qoymuşdu. Ata yurdlarında olarkən Azərbaycan SSR rəhbərliyi tərəfindən heç bir mənəvi dəstək görməyən soydaşlarımızın Qarabağa üz tutmasının qarşısının alınması isə təkcə o vaxtkı mərkəzi hakimiyyətin deyil, həm də onun yerli nökərlərinin əfv edilməyəcək cinayətləri sırasındadır. 1989-cu il dekabrın sonlarında hakimiyyətin təzyiqlərinə baxmayaraq öz qurultaylarının keçirərək Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradan Qərbi azərbaycanlı soydaşlarımızın ölkədə gedən milli azadlıq hərəkatının avanqardına çevrilməsi də təkzib olunmayan gerçəklikdir. O vaxtkı hakimiyyətin təzyiqlərinə baxmayaraq Azərbaycan Qaçqınlar Cəmiyyəti və qaçqın gənclərdən ibarət olan radikal «Zəngəzur» təşkilatı haqq və ədalətin bərpası üçün müəyyən işlər görmüşdü. Azərbaycanın müxtəlif yerlərindən Ermənistana köçən ermənilərin şikayətləri Moskva tərəfindən dinlənilərək müəyyən tədbirlər görülürdüsə Qərbi Azərbaycandan olan qaçqınların hüquqları daim pozulurdu. Ulu öndərimiz Heydər Əliyevin xalqın, o cümlədən qaçqınların xahiş və tələbi nəticəsində hakimiyyətə qayıdışından sonra onlara münasibət də kökündən dəyişdi. Belə ki, qəbul edilmiş Dövlət proqramları nəticəsində qaçqınlar həm yaşayış sahələri, həm də işlə təmin olunmağa başladılar. Amma ayrı-ayrı yerlərdə salınmış qəsəbələrdə məskunlaşdırılan qaçqınlar vətən həsrətini unuda bilmədilər və bu, indi də belədir. Ötən il avqustun 3-də Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazası əsasında yaradılan Qərbi Azərbaycan İcması isə müasir dövrün tələblərinə tam cavab verən qeyri-hökumət təşkilatı kimi artıq düşmənlərimizin gündəlik müzakirə mövzusuna çevrilib. Qərbi Azərbaycan haqqında samballı kitablar müəllifi, tanınmış tədqiqatçı, millət vəkili Əziz Ələkbərlinin sözügedən İcmaya sədr seçilməsi isə qaçqınların hamısının ürəyincədir. Öz ad gününü həmişə məcburi köçkünlərlə birlikdə qeyd edən Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevin ötən il dekabrın 24-də - öz ad günündə Qərbi Azərbaycan İcmasının yeni binasının açılışında iştirak etməsi və əslən Qərbi Azərbaycandan olan ziyalılarla görüşməsi isə bir daha göstərdi ki, itirilmiş torpaqlarımızın düşmənlərdən geri alınmasına hakimiyyət tərəfindən böyük siyasi dəstək mövcuddur. Cənab İlham Əliyevin öz çıxışında irəli sürdüyü proqram xarakterli fikirlər onun həm müdrik lider, həm də millətpərvər olduğunu bir daha sübut etdi. Görüş zamanı səslənən fikirlərin mənbəyinin tarixi həqiqətlərdən ibarət olması isə belə bir fikri deməyə əsas verir ki, ədalət zəfər çalacaq və düşmənlərimizin at oynatdıqları Qərbi Azərbaycanımızda üçrəngli bayrağımız dalğalanacaqdır. İndi əsas məsələ əməli fəaliyyət göstərmək, Qərbi Azərbaycan İcmasının qarşısında duran taleyüklü vəzifələrin yerinə yetirilməsinə yardımçı olmaqdır. Qeyd edək ki, hazırda İcmada bu istiqamətdə səmərəli iş aparılır. Qərbi Azərbaycan İcmasının sədri Ə.Ələkbərlinin televiziyadakı çıxışlarını böyük diqqət və maraqla dinləyən və onun fikirləri ilə həmrəy olan soydaşlarımız hazırda qaçqınların siyahıya alınması prosesində xüsusi fəallıq göstərirlər. İcmanın tərkibində ayrı-ayrı şöbələrin, komissiyaların fəaliyyəti artıq diqqəti cəlb etməkdədir və bu istiqamətdə fəallıq göstərmək hər birimizin tarixi borcumuzdur. Bütün bunlar isə deməyə əsas verir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik siyasəti və şəxsi qətiyyəti sayəsində indi həsrətlə yolumuzu gözləyən ata yurdumuzda ocaqlarımız yenidən yanacaq, həm insanların, həm də torpağın ömrünə əbədi sevinc qatılacaqdır.

N.QARAMANLI

Oxşar xəbərlər