21.11.2024, 22:24
AZ EN
13.03.2024, 11:42 764

Martın 13-də Qaraqoyunlu mahalının qara günü başlayıb

QƏRBİ AZƏRBAYCAN

Qədim türk torpağı olan Qərbi Azərbaycanın Qaraqoyunlu mahalı 1921-ci il martın 13-də bolşeviklər tərəfindən Ermənistan SSR-ə bağışlanılıb və bölgə Qazax rayonunun tərkibindən çıxarılaraq öncə Dilican,1937-ci ildə isə yeni yaradılmış Krasnoselo (İndi Çəmbərək adlanır- red.) rayonunun tərkibinə qatılıb. Xəzər Albaniyası dövründə müstəqil  Karamaniya, sonra Qazax-Qaraman vilayəti adlanan bu türk torpağının orta əsrlərdən Qaraqoyunlu adını almasını təsdiqləyən tarixi sənədlər içərisində maraq doğuran bir olay da budur ki, sözügedən ərazi həm vaxt Qaraqoyunlu dövlətinin tərkibində olmayıb. Ağqoyunlu dövlətinin tərkibinə könüllü daxil olan bu yurd Səfəvilərin dəfələrlə hücumlarına məruz qalsa da təbii şəraitin üstünlüklərindən məharətlə istifadə olunduğundan yenilməyib. Salah və  Qaraqaya kəndlərinin arasındakı Quğu adlanan sıldırımlı hündür qayalarla əhatə olunmuş yerdə osmanlıların köməyi ilə səfəviləri geri oturdan qaraqoyunlular həm də özlərinin dini dəyərlərini qoruyub saxlayıblar.

Çar Rusiyasının bölgəyə hakim olması da asan başa gəlməyib. İllərlə Quğudan keçə bilməyən çar qoşunları, nəhayət, 1845-ci ildə Göyçənin Toxluca kəndi istiqamətindən- yanıqpəyəlilərin Toxluca yalı adlandırdığı yerdən keçərək bölgədə qırğınlar törədiblər. Yerli əhalinin bir qismi Türkiyəyə,Aran adlandırdıqları Qazax və Tovuza köçməyə məcbur olub.

1918-19-cu illərdə daşnakların hücumlarına Mehralı Koxanın rəhbərliyi ilə mətanətlə sinə gərən qaraqoyunlular döyüş sursatları qurtardığına görə 1919- cu ilin yayında dağ yolları ilə Tovuza, Qazaxa, Şəmkirə pənah aparmış,1920- ci il noyabrın 29-da indi Hayastan adlanan Qərbi Azərbaycanda covet hakimiyyəti qurulduqdan iki ay da keçməmiş isə doğma yurda qayıdıblar.

Qaraqoyunlular 1988- ci il olaylarında da ulularının ənənəsinə sadiq qalaraq doğma yurdu tərk etməmək üçün dirəniş göstəriblər. Həmin il iyunun ortalarında"Torpaqdan pay olmaz!", Göyçə və Qaraqoyunluya muxtariyyat!" şüarları ilə Gölkənddə keçirilən mitinqlər təkcə qaraqoyunluların deyil, Azərbaycanın tarixində həmişə yadda qalası olaydır.

Yalnız 1988-ci il dekabrın əvvəlində Bakıdan göndərilən nümayəndənin “məsləhəti” və sovet əsgərlərinin müşayiəti ilə doğma yurdu tərk edən qaraqoyunlular daha çox Bakı, Sumqayıt, Gəncədə məskunlaşıblar. Onlar Qarabağ savaşlarında da özlərini təsdiqləyiblər.Ruhları önündə boyun əyməyə daim borclu olduğumuz Şəhidlərimizin sırasında cəmi 86 evdən ibarət olan Yanıqpəyəmin 9 şəhidi, onlarla müharibə veteranı var.

Qaraqoyunlu həm də ziyalılar yurdudur. Bunu aşağıdakı rəqəmlər özü isbatlayır: Məsələn, 300-ə yaxın evdən ibarət Gölkənddə, Qaraqoyunluların təbirincə desək, hər evə bir alim, kiçik Yanıqpəyədə isə 3 evə 1 alim düşür. Onu da xatırladaq ki, tarixçi alim, Ulu Öndərimiz Heydər Əliyevə qarşı kompaniya aparılarkən "Heydər Əliyevi müdafiə komitəsinə" yaradan və ona sədrlik edən mərhum millət vəkili Zakir Sərdarov, "Azərbaycan Bayrağı" ordenli şəhid Ruzvan Pirnəzərov, sabiq Təhsil naziri Misir Mərdanov da Qaraqoyunludan pərvazlanıblar.

Dosta sədaqətli, düşmənə qənim olan qaraqoyunluların Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik siyasəti sayəsində yenidən doğma yurda qayıdacaqlarına isə şübhə ola bilməz.

Nəsib Qaramanlı

Oxşar xəbərlər