“Anadoluda yaşamış Kotan tayfasının məskunlaşdığı məkan” adlı verilişdə Dərələyəz mahalının Paşalı rayonunun Kotanlı kəndinin tarixi, türk adətləri və irsi araşdırılıb.
Bildirilir ki, Arpaçayın sağ qolu olan Kotanlı çayının sahilində yerləşir. Toponim qıpçaq türk tayfasından olan kotan tayfasına mənsub yaşayış yeri mənasını bildirir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Qarmraşen (Qırmızıkənd) qoyulub. Bu kənd еrkən orta əsrlərdə Anadoluda yaşamış Kotan (Kotyan) tayfasının məskunlaşması nəticəsində yaranıb. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq deportasiya olunub və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilib. 1920-ci ildə geri qayıdan azərbaycanlılar 1949 və 1988-ci il noyabrın 28-də zorla tarixi-etnik torpaqlarından qovulublar.
Süjetdə Kotanlı möcüzəsinə, qıpçaq məbədinin üzərində qədim saatın mənasına, Xızırın gəlib əlini qovuda vurma sirrinə aydınlıq gətirilir, toy axşamlarında kişilərin toplaşma və toydan 3 gün sonra xaş yeyilmə mərasimlərindən söz açılır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)
Ətraflı linkdə: https://www.youtube.com/watch?v=qQQRuaPkux4