“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Rufik İsmayılovun bu dəfəki qonağı Əməkdar incəsənət xadimi, şair-dramaturq, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov olub. O, doğulub boya-başa çatdığı Zəngəzur mahalının Muğru bölgəsinin Maralzəmi kəndindən, uşaqlıq, yeniyetməlik, gənclik illərdindən söhbət açıb. Bildirib ki, Maralzəmidə keçirdiyi günlər ən əziz xatirə kimi bu gün də yaddaşındadır. O, babası Sultan Yüzbaşının Zəngəzurun sayılıb-seçilən ağsaqqallarından, hörmətli şəxsiyyətlərindən biri olduğunu, 1918-ci ildə ailəsi ilə birlikdə deportasiya edildiyini, sovet hakimiyyəti qurulduğu illərdə təkrar Maralzəmiyə qayıtmaq üçün hazıqlıq gördüyünü, Bahar çayına düşərək həlak olduğu illərdən ətraflı söhbət açıb, nənəsi Zinnət xanım, anası Sənubər xanım o dövrlərdə ailənin yaşadığı çətinlikləri, şahidi olduqları erməni vəhşiliklərinin uşaqlarına, nəvələrinə nəql etdiklərini bildirib: “Bizim evimizdə ən qorxulu, vahiməli ifadə köç sözü idi. Hər il başa çatanda anam Sənubər xanım əllərini göyə açıb şükür edirdi ki, bu il öz dədə-baba yurdlarından didərgin düşmədilər, zorla köçürülmədilər”.Yazıçı sonra 1948-53-cü illərin deportasiyasında ailəsinin zorla köçürülməsini, çoxsaylı məşəqətlərə qatlaşdığını dilə gətirib.
Qərbi Azərbaycanda təhsil aldığı müddətdə, “Sovet Ermənistanı” qəzetində, İrəvan Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başladığı dövrlərdə ermənilərin azərbaycanlılara qarşı münasibətindən söhbət açan H.Orucov bildirib ki, hər addımda ayrı-seçkiliyi, azərbaycanlılara yanaşmada dözümsüzlüyü hiss ediblər. İrəvanda Azərbaycan teatrının yaranmasının böyük tarixi hadisə olduğunu vurğulayan yazıçı qeyd edib ki, bu mədəniyyət ocağının tarixi, həm də onun göstəricisidir ki, Azərbaycan türkləri bu yerlərin əsl sakinləridirlər, mədəni, ictimai-siyasi sferada böyük tarix yazıblar, yaradıblar. Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının kollektivinə Ulu Öndər Heydər Əliyevin daim dəstəyi olub: “Biz həmişə bu dəstəyi üzərimizdə hiss edirdik. Ümumiyyətlə, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsindən sonra Ermənistanda azərbaycanlılara qarşı təhdid və təzyiqlər nisbətən azalmışdı. Amma ayrı-seçkilik yenə də özünü göstərirdi. Belə ki, azərbaycanlı kadrları Ermənistanda işlə təmin etmirdilər. Onlar da məcbur qalıb Azərbaycana gedir, orada işləyirdilər. Ermənilər azərbaycanlılara məxsus yer adlarını, toponimləri dəyişir, erməni adları qoyurdular. Bunun özü də bir təzyiq, tarixi saxtalaşdırmaq cəhdi idi. İndiki Ermənistan ərazisində dövlət səviyyəsində çoxsaylı toponim cinayətləri törədilib. Bunun kimi çoxsaylı faktlar sadalamaq olar”.
Daha sonra H.Orucov 1988-ci ildə erməni millətçilərinin azərbaycanlılara qarşı deportasiya siyasətinə ilk etiraz edən ziyalı kimi Ermənistan SSR-in “Əməkdar mədəniyyət xadimi” fəxri adından imtina etməsindən söz açarkən bildirib ki, xalqına qarşı olan qeyri-insani münasibət fonunda belə bir fəxri adı daşıya bilməzdi. “Qərbi Azərbaycan İcması”nın fəaliyyətinə, Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə toxunan siyasi xadim vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımıza dair çıxışları, səsləndirdiyi fikirləri, qəbul etdiyi qərarları ilə xalqımızın tarixi yadfdaşını yeniləyir.
Xatırladaq ki, “Qərbi Azərbaycan Xronikası” layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, eyni zamanda azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi dünya ictimaiyyəti də bunu bilsin”,- fikrini əsas tutaraq, “Qərbi Azərbaycan İcması”nın hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan başqa, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ