Bu fikirlər AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Azərbaycanın abidələri: erməniləşdirilmiş Mamu Xatun monastırı” sərlövhəli məqaləsində yer alıb.
Mamu Xatun hakimiyyəti dövründə Tərcan şəhərində karvansara, məscid, körpü, türbə və hamamdan ibarət kompleks tikdirib, həmçinin Alagöz rayonunun Teqer kəndində kilsə inşa etdirib. Mamu Xatunun tikdirdiyi bütün binaların memarı Axlatdan olan, lakin adı məlum olmayan bir ustadır. Axlatlı memarın Anadoluda və digər İslam bölgələrində tikdiyi bütün abidələr bir-birindən fərqli plana və özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olub. Lakin Axlatlı memarın Teqer kəndində inşa etdiyi kilsə haqqında məlumatlar erməni mənbələrində təhrif olunmuş formada verilib. Məsələn, erməni mənbələrində iddia olunur ki, monastır guya tarixə məlum olmayan bir erməni knyazının arvadı Mamu Xatun tərəfindən tikilib. Eyni mənbələrdə memarın “Axbayrik” adlandırılması isə erməni yalanlarından biridir.
Bu monastır orta əsr alban memarlığı üslubunda tikilmiş unikal tipli binalardan biridir. Monastır kilsəsinin kompozisiya planı xaç formasındadır. Abidə yerli boz rəngli bazalt daşlar və əhəng məhlulu ilə inşa edilib. Kilsə dörd sütunlu və çoxtərəfli quruluşu ilə seçilir. Damın şimal-qərb və cənub-qərb künclərində kapellaya bənzər kiçik kilsələr tikilib.
Erməni mənbələrində qeyd olunur ki, 1468-ci ildə guya arximandrit Sargis Berikantsi monastırın ətrafında mühafizə divarları inşa etdirib. Lakin bu məlumatın doğruluğu şübhəlidir. Yalnız bir fakt dəqiqdir ki, 1950-1952-ci illərdə kilsənin günbəzləri və ibadətgahları ermənilər tərəfindən yenidən qurulub, damı tuf kirəmitlərlə örtülərək orijinal forması dəyişdirilib. 1975-1976-cı illərdə kilsənin divarlarının yuxarı hissəsi və vestibül təmir olunub, divarlarına erməni dilində yazılar əlavə edilib.
Bu möhtəşəm monastırın ideya müəllifi olan türk xanımın nə hakimiyyət dövrü, nə də hakimiyyətdən sonrakı taleyi haqqında məlumatlar kifayət qədər deyil. Bu, Mamu Xatunun tikdirdiyi monastırın taleyi kimi müəmma olaraq qalır. Mənbələrdən məlumdur ki, Mamu Xatun qardaşı oğlanları ilə hakimiyyət uğrunda mübarizə aparıb. Ərəb tarixçiləri İbn Vasil və İmadəddin əl-İsfahani Mamu Xatunu “Ardzn-Rum hökmdarı” və “əl-məlik” adlandırıb, lakin onun hakimiyyəti dövründə baş verən hadisələr haqqında geniş məlumat verməyiblər. (AZƏRTAC)