Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Əməkdar jurnalist Səyyad Aran olub.
O, ata-baba yurdu Aşağı Necili kəndindən söhbət açaraq İrəvan şəhərinin yaxınlığında, Zəngi çayının sahilində yerləşən yaşayış məntəqəsinin tarixən Azərbaycan türklərinin məskəni olduğunu bildirib:
"XX əsrin əvvəlində irəvanın əhalisinin 70 faizini azərbaycanlılar təşkil edib. Lakin ötən əsrdə baş verən soyqırımı və deportasiyalar nəticəsində Qərbi Azərbaycanın əzəli sakinləri dəfələrlə didərginlik həyatı yaşayıb, öz ev-eşiklərini itirmək məcburiyyətində qalıblar. Sonradan bu evlərdə xaricdən gətirilən ermənilər məskunlaşdırılıblar. Bu siyasət SSRİ dövründə üstüörtülü şəkildə davam etdirilib. Aşağı Necili sakinləri də daim ermənilərin ayrı-seçkiliyi ilə üzləşiblər. 1988-ci ilin deportasiyasında isə bütün Qərbi Azərbaycan, o cümlədən Aşağı Necili kəndi birdəfəlik azərbaycanlılardan təmizlənib, Ermənistan monoetnik dövlətə çevrilib".
S.Aran 1948-1953-cü illərin deportasiyasında Azərbaycanın İmişli, Beyləqan rayonlarına köçürülən həmvətənlərinin ağır şəraitdə yaşamasına, müxtəlif xəstəliklərə yoluxaraq həyatlarını itirmələrinə toxunub:
"Dağ camaatını kütləvi şəkildə aran zonasına köçürmək bir xalqa qarşı törədilmiş məqsədli soyqırımıdır. Müsahib Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından sonra həyata keçirilən tədbirlərdən, Prezident İlham Əliyevin qətiyyətli siyasətindən, soydaşlarımızda tarixi vətənə qayıtmaq və torpaqlarımıza sahib çıxmaq ümidinin artmasından da danışıb. Tezliklə Qərbi azərbaycanlılar ata-baba yurda qayıdacaqlar".
Deputat SSRİ dövründə Ermənistan iqtisadiyyatının Azərbaycandan asılı olduğunu diqqətə çatdıraraq gələcəkdə də İrəvanın Bakıya möhtac olacağını vurğulayıb:
"Cəunbi Qafqazın qüdrətli dövlətinə çevrilən Azərbaycanla düşmənçilik etmək heç bir ölkəyə xeyir gətirməz".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. (Report)
Ətraflı linkdə: https://www.youtube.com/watch?v=ff5MZwz4fZs