31.03.2025, 08:25
AZ EN
27.03.2025, 17:49 115

Qərbi azərbaycanlı: Vaxt gələcək indi uzaqdan baxdığımız tarixi torpaqlarımıza qovuşacağıq

QƏRBİ AZƏRBAYCAN
  • Qərbi Azərbaycanın öz əzəli sahiblərindən ayrı salınan kəndlərindən biri də Ləmbəli kəndidir. Keçmiş Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indiki Barana rayonunda, Tona çayının sağ tərəfində yerləşən kənddə 1948-1953-cü illərdə baş verən deportasiyaya qədər ancaq onun əzəli sahibləri, yəni azərbaycanlılar yaşayıblar. Onlardan biri də Yusubovlar ailəsi olub. 1941-ci ildə bu ailədə dünyaya göz açan İdris Yusubov ömrünün müxtəlif çağlarında tarixi hadisələrə şahidlik edib.

Xatirələrini bölüşən İdris müəllim Ləmbəlidə zəhmətkeş ailədə boya-başa çatıb. “Uşaqlığım həm maraqlı, həm də ağrılı anlarla yadımda qalıb. Dostlarımla gözəl təbiətə malik, dərəli-təpəli, dağlı-düzlü, münbit torpaqlı kəndimizin hər qarışını gəzirdik. Yayı yay, qışı qış kimi yaşayırdıq. Ləlvar dağına, Çubuqlu dağına yaylağa çıxırdıq, şəfalı otlar toplayırdıq. O günlər əvəzedilməz idi. Sonradan qayğısız günlərimə son qoyuldu. 1948-53-cü illərdə Ləmbəlinin digər sakinləri kimi bizim ailə də deportasiyanın qurbanına çevrildi”, - deyən İdris Yusubov bildirir ki, o zaman kəndin azərbaycanlı əhalisi iradələrinin əksinə olaraq, zorla doğma yurdlarından çıxarılıb. Üstəlik bu, Ləmbəli sakinlərinin birinci belə sınağı olmayıb.

“Ləmbəlilər erməni zülmünü 1918-ci ildə də görüblər. XX əsrin 30-cu illərində kənd əhalisi repressiyaya da məruz qalıb. 1949-cu ildə isə insanların bir hissəsi Basarkeçər rayonunun kəndlərinə, bizim ailənin də daxil olduğu digər hissəsi Gürcüstan ərazisində əhalisi azərbaycanlılardan ibarət Qaraçöp qəsəbəsinə göndərilib. Az müddət sonra geri qayıdib, Ayrım stansiyasında bir ay zülmlərə tab gətirərək vaqonlarda yaşadıq”, - deyən müsahibim onu da bildirir ki, həmin vaxtlarda kənddə zeytun sovxozu yaradılıb, xaricdən köçürülüb gətirilən ermənilər Ləmbəlidə azərbaycanlılara məxsus evlərdə yerləşdirilib. Uzun mübarizədən sonra deportasiya edilən ləmbəlilərin əksəriyyəti doğma kəndlərinə qayıda biliblər. “Kəndimizdə qədim qəbiristanlığımız var idi, orada 13-cü, 18-ci, 19-cü əsrlərə aid qəbirlər görmüşdük. Ermənilər həmin qəbiristanlığı yerlə-yeksan edib, yerində şərab zavodu tikdilər. Eşitdik ki, qəbir daşlarını da zavodun bünövrəsinə töküblər. Evlərimizi zəbt etmişdilər. Bizə ancaq köhnə qəbiristanlığın yerində yaşaya biləcəyimiz bildirilmişdi. Naçar qalan əhali yerdən damlar qaraldıb, içinə girirdi. Sonradan zəhmətlə tikdiyimiz evlər də mənfurlara qaldı”, - deyə İdris Yusubov qeyd edir.

Qərbi azərbaycanlı uşaq yaşlarında doğma məktəbindən də ayrı salınıb. “Rahat məktəbimizi ermənilər bizdən aldılar. Bizə isə həmkəndçimizin evində məktəb qurmuşdular. Balaca və şəraitsiz məkanda 3 növbə dərs keçirdik. Sonralar yeni məktəb binası tikildi, amma orda da balalarımız sonunacan təhsil ala bilmədilər. Hər dəfə Novruz bayramı gələndə ata yurdumun nisgili içimi daha çox sızladır. Orada Novruzu bütün adət-ənənələrinə uyğun, çox gözəl keçirirdik. Toylarımız bir həftə çəkirdi”, - deyən həmsöhbətim o günləri gözünün önündə canlandırıb ah çəkir.

Ləmbəlidə əhalinin əsasən heyvandarlıq və meyvəçiliklə məşğul olduğnu vurğulayan İdris Yusubov insanların öz yaşayışını zəhmətləri hesabına təmin etdiklərini dilə gətirir. “Şaftalı bağları var idi, barını Allahverdi rayonuna satmağa aparırdıq. Orda ermənilər söz atırdılar ki, sizin yeriniz bura deyil, əvvəl-axır burdan gedəcəksiniz. 1988-ci ilin qış aylarında təzyiqlər daha da artdı. Azərbaycanlılardan yurdlarını tərk etmələrini istəyirdilər. Kəndə gələn suyu, işığı kəsmişdilər, çörək, ərzaq satılmırdı. Gürcüstanın Sadaxlı kəndindən azərbaycanlılar bizə çörək gətirirdilər”, - deyə müsahibim bildirir.

Onun sözlərinə görə, kəndin əhalisi təzyiqlərə tab gətirib, oranı tərk etməmək üçün əlindən gələni etsə də, sonda vəziyyətin çox təhlükəli hal alması onları buna məcbur edib. “Ləmbəliyə hücum çəkən əli silahlı daşnaklar evləri, ot tayalarını yandırırdılar, insanları döyürdülər. Qardaşımı döymüşdülər, az qalmışdı gözü kor ola. Sonra uzun müddətli müalicə ilə sağaldı. Kəndimizdəki ermənilər də daşnaklara qoşulmuşdular, əllərində silahlarla azərbaycanlılara hücum çəkirdilər. İnsanlar məcbur qalıb, Borçalıya, Qazaxa üz tutdular”, - deyə Qərbi azərbaycanlı söyləyir.

İdris Yusubov bildirir ki, illər keçməsinə baxmayaraq, Ləmbəli onun əzəli sahiblərinin qəlbində ata yurdu olaraq ən əziz yeri tutur. “Sadaxlıdan baxanda kəndimizi görmək mümkündür. Oraya uzaqdan baxmaq çox ağır gəlir. İnanıram ki, vaxt gələcək indi uzaqdan baxdığımız tarixi torpaqlarımıza, dədə-baba yurdumuza layiqli şəkildə qayıdıb, qovuşacağıq”, - deyə İdris Yusubov böyük inamla söyləyir. (AZƏRTAC)

Oxşar xəbərlər