21.11.2024, 19:01
AZ EN
02.11.2024, 08:29 118

Qərbi Azərbaycan Xronikası: “Rayon İcraiyyə Komitəsinin sədrinə dedim ki, Bakıda ermənilərin zirzəmisində kirayədə qalıb oxumuşam”

QƏRBİ AZƏRBAYCAN
  • "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Qarsdakı qohumlarıma məktub yazdığım üçün məni partiyaya keçirmədilər” adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Ellər kənd sakini Şahbaz Balakişiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, kəndin tarixindən söz açıb və deyib ki, kəndin əsl adı Elləroyuğu olsa da, 1931-ci ildə Ermənistan hökuməti tərəfindən dəyişdirilərək Ellər adlandırılıb: “XVII-XVIII əsrlərdən məskunlaşma tarixi olan kəndimizdə Orucəli, Abdurrahmanlı, Gülləli, Dəlləklər, Gümrülər kimi qədim türk tayfaları yaşayıb. Uşaqlıqda qar topası oynayar, xizək sürərdik. Kəndimiz bulaqlarla əhatə olunmuşdu. Yay aylarında bulaq başları həmişə qonaq-qaralı olardı. Atama kömək etmək üçün tez-tez dağlara, yaylağa gedərdik. Anam isə təhsilimizə xüsusi önəm verərdi”.

Onun sözlərinə görə, Ermənistanda yaşayan azərbaycanlılar daim erməni millətçilərinin təzyiq və təqiblərinə məruz qalıblar:

“Xüsusilə, 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra vəziyyət daha da ağırlaşıb. Çox sayda azərbaycanlı öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Mən özüm də ermənilərin ədalətsizliyini və ayrı-seçkiliyini dəfələrlə görmüşəm. Kəndimizdəki problemlərlə bağlı qəzetə məqalə yazmışdım. Bundan xəbər tutan Rayon İcraiyyə Komitəsinin sədri məni yanına çağırıb hədələdi, məqalələrimin dərc olunmasına qadağa qoydu. Bu, açıq-aşkar repressiya idi. Nəhayət, 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti kulminasiya nöqtəsinə çatdı. Ermənistanda baş verən zəlzələ müvəqqəti olaraq ermənilərin diqqətini yayındırdı və biz bu fürsətdən istifadə edib oradan çıxa bildik. Əvvəlcə Gürcüstana, oradan Azərbaycanın Qax rayonuna və sonra Bakıya gəldik”.

Ş.Balakişiyev 35 ildir doğma Ellər kəndindən uzaqda yaşadığını, hər gün kəndi yuxuda gördüyünü bildirib: “Vətən həsrəti heç nə ilə müqayisəyə gəlməz bir ağrıdır. Orada bizim tarixi izlərimiz, ulu babalarımızın məzarları var. İnanıram ki, bir gün doğma Ellər kəndinə mütləq qayıdacağıq. Bu həsrət heç vaxt qəlbimdən silinmir".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Oxşar xəbərlər